“Dünya cənnətə dönsə də,
qəhrəman Tərtərin əvəzi yoxdu”
Mehriban Abdullayeva Azərbaycanın həm coğrafi, iqtisadi və həm də qədimliyi ilə fərqli olan Tərtər rayonunda zəhmətkeş ailəsində anadan olub. Bir müddət Moskva şəhərində yaşayıb. 8 Mart Qadınlar bayramı ərəfəsində Mehriban xanımla əlaqə saxlayıb özü haqqında danışmasını xahiş etdik. O dedi:
–Hal-hazırda Azərbaycanda məskən salmağa çalışıram. Dünya cənnətə dönsə də, Qəhrəman Tərtərin əvəzi yoxdur. Fəxr edirəm ki, Azərbaycanlıyam! Fəxr edirəm ki, Qəhrəman Tərtərin bir zərrəsiyəm!
Babalarım və ana nənəm əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunda dünyaya göz açmışlar. Babala-rımın nəsil səcərəsi Urud və Comədli kəndlərini, ana nənəmin nəsil səcərəsi isə Comərdli və Darabas kənd-lərini əhatə edir. Ata tərəfdən nənəm isə Şuşa bəylərindən olan Mirzə Əliyar bəyin nəslindəndir.
Babalarım yağılar tərəfindən dəfələrlə depressiyaya məruz qalmış, doğma el-obasından didərgin düşmüşlər. İnqilabdan əvvəl Bakıda neft buruqlarında çalışan babalarım sovet hakimiyyəti illərində rayonlara kolxoz quruculuğuna göndərilmişlər. Ana babam Tərtərdə (Mirbəşir), ata babam isə Şəkidə çalışmışlar.
Ana babam Niftalı Həsənov Tərtərdə son illərə qədər Narçılıq sovxozu kimi fəaliyyət göstərən kəndləri əhatə edən 5-6 kənddə, xüsusilə, Leninabad kəndində (indiki Ələsgərli) tanınır, cəsarətlə deyə bilərəm ki, Ələsgərli kəndində təməl daşı qoymuş şəxsiyyətlərdən biri kimi tanınır. Babamın sağlığında Qərbi Azərbaycandan gələnlərin böyük əksəriyyəti onun evində qonaq olarmış.
Orta təhsili Əsəd Məmmədov adına məktəbdə almışam, ali təhsili isə Azərbaycan Dövlət Pedaqoji Universitetində (Lenin adı-na Azərbaycan Dövlət Pedaqoji İnstitutu) 1983-cü ildə həmin institutu fərqlənmə diploma ilə bitirmişəm. Tələbəlik illərində institutun fəal tələbəsi kimi bütün tədbirlərin iştirakçısı, o dövrdə çox populyar olan “Komsomol projektoru”-nun fəal üzvü idim, karikaturalara şeir yazırdım. İnstitutun “Gənc müəllim” qəzetində şeirlərim dərc olunurdu. Bu gün də öz elmi fəaliyyətini davam etdirən şair, Filologiya elmləri doktoru, professor Zahid Xəlilin mənə həmişə “şair, yenə nə xəyala dalmısan” ifadəsi məni şeir yazmağa daha çox həvəsləndirirdi. İndi də ara-sıra şeirlər yazıram. Bir neçə şeirimə peşəkar bəstəkar Elçin Atayev musiqi yazıb, onlardan ən uğurlusu dahi Liderimiz Heydər Əliyevə həsr etdiyimiz “Dağ vüqarlı Ulu Öndər”, digəri isə 44 günlük müharibədəki Zəfərimizə həsr etdiyimiz “Zəfər yolu” mahnısıdır.
Təhsilimi davam etdirmək üçün institutdan aspiranturada yer təklifi olsa da anamın təkidi ilə rayona təyinat alaraq indiki Tərtər şəhər Şakir Şikarov adına məktəbdə çalışmağa başladım. Müəllimlik fəaliyyətim də çox maraqlı və məhsuldar idi.
Lakin ailə həyatım doğma Tərtərimdən yeni yaşayış yerinə, SSRİ-nin paytaxtı olan Moskva şəhərinə, gətirib çıxardı. Moskvada yaşayarkən Azərbaycan məktəbində təhsil aldığıma görə məktəbdə yox, bir neçə il uşaq bağçasında işlədim.
Tale elə gətirdi ki, 2003-cü ildən Moskva şəhəri Mərkəzi Dairəsi Təhsil Şöbəsində fəaliyyət göstərən 1331 saylı gürcü etnik-mədəni məktəbinin Azərbaycan bölməsində dərs deməyə başladım. Elə həmin ildən diaspor həyatı ilə də tanış oldum və fəallardan birinə çevrildim. Azərbaycanın özündə yox, azərbaycanlıların içində yaşamağa başladım. Həmin illərdə anladım ki, Azərbaycanda azərbaycanlı olmaq çox asandır, xarici ölkədə azərbaycanlı olmaq üçün başqalaşmalı, öz mövqeyində möhkəm oturmalısan, əks halda əzilə də bilərsən. Təmsil etdiyin xalqın adını şərəflə daşımaq, yüksəltmək üçün mücadiləyə də hazır olmalısan. Moskvada yaşadığım illərdə elmi fəaliyyətimlə bərabər yaşadığım ərazidə Azərbaycan əsilli soydaşlarımızın həyat tərzi, sosial problemləri, xüsusilə, gənc nəslin təhsillə bağlı problemləri ilə yaxından tanış olub bacardığım qədər dəstək verməyə çalışmışam.
2005-ci ildə isə hərbi təhsil sahəsində iş təklifi gələndə tərəddüd etmədim, özümə güvənimdən çox Ana dilimizi qeyri millətlərə öyrətmək, qeyri-Azərbaycan auditoriyasında tədris etmək maraq xarakterindən çox Ana dilimizin imkan dairəsinin genişlənməsini nəzərimdə canlandırdım. O qədər həvəs, sevgi və qürur hissi vardı ki, orta məktəbdən birbaşa Hərbi Akademiyada müəllim işləməyin çətinliyini təsəvvürümə belə gətirmədim. Ana dilimizə müasir dillər sırasında tələbin vacibliyini, xarici ölkələrdə tanınması və inkişafını fikirləşdikcə ilahi bir qüvvə məni gücləndirirdi. Axı bu, birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini şərtləndirən amillərdən birinə, Azərbaycan dilinin milli dil kimi qorunub saxlanılması, inkişaf etdirilərək dünya dilləri arasında geniş miqyasda yayılmasına xidmət edirdi. Bunun yolu isə yalnız təhsildən, doğma dilin qeyri-Azərbaycan auditoriyasında tədrisindən keçir.
Əminliklə deyə bilərəm ki, Azərbaycan dilinin xarici dil kimi tədrisində müəyyən nailiyyətlərim var. Hərbi Akademiyada çalışdığım dövrdə Azərbaycan dili üzrə elmi dərəcəli mütəxəssisin olmasına tələb vardı, ona görə BSU-ya qəbul olundum və eyni zamanda elmi məqalələr üzərində işlədim. Tale məni bir vaxt anamın təkidi ilə aspirantura təklifini və institutda qalıb işləmək şansından imtina etdi-yim ADPU-a gətirib çıxardı. Uğurla “Tərcümə qeyri-Azərbaycan auditoriyasında Azərbaycan dilinin təlimi metodikasının komponenti kimi” elmi işimi doğma universitetimdə müdafiə edib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm.
Hərbi Akademiyada Azərbaycan dilinin qrammatikası və üslubiyyətinə aid dərs vəsaitləri, mədəniyyəti, ədəbiyyatı və dininə aid mühazirələr, Azərbaycanca-rusca dialektizmləri lüğəti və Azərbaycanca-rusca frazeoloji birləşmələr lüğəti üzrə bir neçə dərs və-saitlərinin nəşrinə nail olmuşam.
2024-cü ildə AMEA-ın Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının təsdiqi ilə hər biri iki hissədən olan iki dərs vəsaiti: “Azər-baycan dili xarici dil kimi”, “Şifahi nitqin praktikası” dərs vəsaitləri rus dilində və “Azərbaycanca-rusca sözlük” çapdan çıxmışdır.
44 günlük müharibə dövründə Moskvada xalqımızın birliyinin bir daha şahidi olduq. Hamı bir nəfər kimi gecə-gündüz müəyyən qu-rumlara, xüsusilə Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə Səfirliyinə, müraciət edirdi, hamı cəbhə eşqi ilə yaşayırdı. Çox mütəşəkkil şəkildə hamı son qəpiyinə qədər Müdafiə Nazirliyinə maddi dəstək verməyə hazır idi, ayrılmış xüsusi hesablara hər gün bir neçə dəfə vəsait köçürülürdü. Çox qürurverici hal idi, müharibə olmağına baxmayaraq, xalqımızın birliyi, Vətən sevgisi adamı göz yaşına qədər sevindirirdi. Ən başlıcası o idi ki, qısa vaxt ərzində Rusiyada dünyaya göz açmış gənclərdə milli qürur, milli şüur formalaşmışdı. Bütün bunları gördükcə xalqımızın igid oğulları ilə fəxr etməkdən ürəyimiz dağa dönürdü. İnandırım sizi, Rusiyada tək biz azərbaycanlılar deyil, türk dövlətlərinin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və hətta Tacikistan əhalisi, Rusiyada yaşayan türkdilli xalqlar bizim qədər sevinirdi, hamının dilində bir ifadə vardı:”Turan”a yol Qarabağdan başladı.
Moskvaya gələn gündən özümü, ruslar demiş, “çamadan əhval-ruhiyyəsində” sanmışam. Cismim orda olsa da, ruhum Aərbaycan-da idi, açılan hər sabahı Azərbaycana qayıdış xəbəri ilə açmaq böyük arzum idi. İstəyirdim ki, havası, suyu ilə boya-başa çatdığım Qəh-rəman Tərtərimizdə məskən salım. Lakin iş problemi rayonlarda məhdud olduğundan alınmadı.
Yeri gəlmişkən, deyim ki, tələbələrimə Tərtəri o qədər sevdirmişdim ki, hər gün Tərtər haqqında kiçik də olsa, nəsə bir məlumat verməyi özləri üçün hobbi seçmişdilər, sevməyə başlamışdılar. Tərtər sevgisi mənə atamdan keçən irsdir, yəqin, atamın sözlərinə Elçin Atayevin bəstələdiyi “Tərtərim” mahnısını hamı eşidib, rayon tədbirlərində səsləndirilir.
Mən də atamın irsini davam etdirərək, Tərtər sevgisini oğluma ötürmüşəm. O da Tərtəri çox sevir, Azərbaycanda harda olursa-olsun, ünsiyyətdə olduğu adamlar soruşurlar ki, Qarabağlısan? Moskvada doğulub-böyüsə də, Azərbay-can dilini mükəmməl bilir, özü də Tərtər ləhcəsində danışır. Ali təhsillidir, rus və ingilis dillərini mükəmməl bilir, Sİ sahəsində çalışır. 44 günlük müharibə dövründə informasiya müharibəsində ən çox ingilisdilli mənbələrdə Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda fəal çalışırdı. Tərlan (oğlum) tək Sİ sahəsində yox, həmçinin jurnalistika sahəsində də çalışır. Formula-1 beynəlxalq yarışmasının Azərbaycanda ilk dəfə keçiriləcək yarışları haqqında Afişa.ru saytının TV kanalında saat yarımlıq diskussiyada ekspert kimi möhtəşəm analizlər vermişdi.
Tərtəri sevməmək Abbas Səhhətin təbirincə desək, vicdanı olmamaq deməkdir. Tərtərin havasından otuz il barıt qoxusu gəlib, sərhəd-yanı kəndlərdə əhali mal-heyvanını qorxa-qorxa qaranlıqda sağıb ki, azğın erməni snayperinin gülləsinə tuş gələr. Otuz ilin qanlı-qa-dalı illərinə Tərtər kimi dəyanətlə dayanan ərazi, bəlkə də, dünyanın heç bir ölkəsində olmayıb. rayon əhalisi yurdunu bir gecə belə boş buraxmadı. Qarabağ münaqişəsi başlayan gündən Zəfərimizə qədər Tərtər düşmənə göz dağı, sakinlərinə sipər oldu, Qarabağın alınmaz qalası oldu. Birinci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və 44 günlük müharibə dövründə ən ağır zərbələr Tərtərə dəydi, torpağın sinəsi raketlərin, mərmilərin qəlpələri altında inlədi, lakin dözdü, böyük rəşadətlə dözdü. Əbəs yerə müzəffər Ali Baş Komandanımız İlham Əliyev Tərtəri “Qarabağın Stalinqradı” adlandırmamışdı.
Əvvəldə dediyim kimi, Tərtər həmişə hərbi mövqeli ərazi olub, bu gün də azad torpaq olmasına baxmayaraq öz mövqeyində olmağı davam etdirir, bir zamanlar Tərtər Elektromexanika zavodu kimi fəaliyyət göstərən zavodun istehsal prosesləri milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılır. Öz mövqeyimdən çıxış edərək deyirəm ki, bu zavodun Tərtərdə olması Ali Baş Komandanımızın Tərtər torpağının, Tərtər camaatının dəyanətinə verdiyi dəyərdir. Axı Qarabağa və işğaldan azad edilmiş ərazilərə gedən yolların bir qismi Tərtərdən keçir.
Mehriban Abdullayeva,
Pedaqogika üzrə fəlsəfə doktoru

