Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,961
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13Fev

    Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qlobal güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında fəaliyyət göstərir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin gələcək inkişaf modelini müəyyən etmişdir. Dövlət başçısı vurğulayıb ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsində aparılan islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını şərtləndirir. Bu istiqamət artıq dövlətimizin əsas prioritetləri siyahısına daxil edilmişdir.

    Azərbaycanın neft-qaz və bağlantılar sahəsində böyük beynəlxalq təcrübəsi, nəhəng infrastruktur layihələrini uğurla icra etməsi rəqəmsal transformasiya üçün güclü platforma yaradır. Bu sahələr həm dərin bilik və bacarıq, həm də geniş beynəlxalq əlaqələr tələb edir. Azərbaycan öz qonşuları ilə müxtəlif istiqamətlər üzrə önəmli layihələr icra etmişdir və artıq formalaşmış nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə çevrilməlidir. Xəzər dənizinin Şərq sahilləri ilə bizi birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsinin bu il başa çatması gözlənilir ki, bu da Şərqə doğru bağlantıları təmin edəcəkdir. Eyni zamanda, Qərb istiqamətində yeni bağlantılar üzərində işlər davam etdirilməlidir.

    Ölkə iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulmuş, xarici sərmayələrin qorunması həm qanunlar, həm də real icra mexanizmləri ilə təmin edilmişdir. Bu etibarlı təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də tətbiq olunmalıdır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın enerji generasiya gücü son 20 ildə iki dəfə artaraq 10 min meqavata çatmışdır. Hazırda mövcud olan 2 min meqavatlıq istifadə edilməyən generasiya gücü rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün ən başlıca şərtdir. Gələcəkdə bərpaolunan enerji sahəsində imzalanmış kontraktlar əsasında bu güc daha da artacaqdır. Qeyri-neft sənayesinin cari ilin yanvar ayında 8 faiz artması da enerji güclərimizin iqtisadi inkişafı dəstəkləməsinin göstəricisidir.

    Azərbaycanın bu sahədəki digər böyük üstünlüyü dünyanın aparıcı texnologiya şirkətləri və ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla qurulmuş sıx əlaqələridir. Azərbaycan Dövlət Neft Fondu vasitəsilə bu təsisatlara vəsait yatırılır və onlarla aparılan danışıqlarda ölkəmizə investisiyaların cəlb edilməsi məsələsində müsbət cavablar alınmışdır. Amerika Hökuməti ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan tarixi sənəddir və data mərkəzləri, süni intellekt sahəsində Amerika şirkətləri ilə sıx əməkdaşlığı təmin edir. Həmçinin Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədlərimizin, keçən il isə Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədinin olması Azərbaycanı dünyada bənzəri olmayan rəqabət üstünlüyünə sahib ölkəyə çevirir.

    Bu böyük hədəflərə çatmaq üçün dövlət qurumları arasında vahid koordinasiya təmin edilməlidir. Prezidentin göstərişinə əsasən, pərakəndəliyə son qoyulmalı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər qurumlarla birlikdə konkret tədbirlər planı hazırlamalıdır. İşin səmərəliliyi üçün hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi müavin ayrılmalı və ya yeni ştat vahidi yaradılmalıdır. Müxtəlif dövlət qurumlarının yaratdığı ayrı-ayrı platformalar tədricən ləğv edilməli, bütün dövlət xidmətləri vahid mərkəzdən – “mygov” üzərindən həyata keçirilməlidir. Bu, həm vətəndaşlar üçün rahatlıq təmin edəcək, həm də kadr və təcrübə resurslarının bir nöqtədə birləşməsinə imkan verəcəkdir.

    Təhsil sistemi də bu çağırışlara uyğunlaşdırılmalıdır. Ali məktəblərdə və dövlət xətti ilə xaricə göndərilən tələbələr arasında bu ixtisaslara üstünlük verilməli, orta məktəblərdə tədris proqramlarına ilkin biliklərin aşılanması üçün dəyişikliklər edilməlidir. Süni intellektin tətbiqi dövlət məmurlarının gündəlik fəaliyyətində və qərar qəbulu prosesində geniş vüsət almalı, özəl sektor üçün isə xüsusi dəstək mexanizmləri işlənməlidir. Kritik sahə olan kibertəhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılmalı və Kibertəhlükəsizlik Mərkəzi mütəşəkkil hücumlardan qorunmaq üçün öz fəaliyyətini gücləndirməlidir. Azərbaycan bu sahəni özü üçün strateji prioritet elan etməklə qlobal texnoloji inkişafın mərkəzlərindən birinə çevrilmək yolunda qətiyyətlə irəliləyir.

     

     

    Müəllif: Redaktor, 13:56

İsmarıclar bağlıdır.