
Ulu Öndər Heydər Əliyev deyib: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar”.
Ümummilli Liderimizin çox zəngin irsini öyrənərkən onun uşaqlara, gənclərə olan isti münasibətinin, xüsusən də ölkəmizin daha xoşbəxt gələcəyini təmin edəcək nəslə göstərdiyi qayğı və diqqətin şahidi oluruq. Ulu Öndərin hələ 1997-ci il fevralın 1-də imzaladığı sərəncamla hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü qeyd edilir. Yalnız bizdən 2 il sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü elan olunub.
Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb ki, bu da ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığını daha da artırmağa xidmət edirdi. Bunlardan əlavə, Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilir. Forumlarda ölkənin qabaqcıl gəncləri bir araya gələrək mühüm məsələləri müzakirə edirlər.
Sonuncu – XI Forum cari il fevralın 2-də Gülüstan sarayında keçirildi. Tədbirdən öncə forum iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdilər. Sevindirici haldır ki, Azərbaycan Gənclərinin ilk forumunun 30 illik yubileyi çərçivəsində keçirilən tədbir fevralın 3-də Xankəndi Konqres Mərkəzində davam etdi. Bu, Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini yerinə yetirməsi sayəsində mümkün oldu.
Hər bir sahədə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərin bütün arzuları indi həyata keçib. Bu arzuları reallaşdıran isə xalqımızın lideri Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev deyib: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Ulu Öndərin ideyalarının yaşadılmasında 2004-cü il mayın 10-da ölkəmizdə yaradılmış Heydər Əliyev Fondu əvəzsiz rol oynayır. Fondun əsas fəaliyyət istiqamətlərindən birini təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi təşkil edir. Buna misal olaraq mənim təhsil aldığım məktəbi nümunə göstərmək olar.
Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmiş, tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Przidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Anver” Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak etmişlər.
Məktəbimiz Bakının Xətai rayonunda yerləşir. Üçmərtəbəli bina müasir tələblər səviyyəsində inşa olunub. Burada müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var.
2021-ci ildən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta ümumtəhsil məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbimizdə şagirdlərin azərbaycançılıq ideyaları, vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərilir. Vaxtaşırı olaraq Heydər Əliyev Mərkəzinə təşkil edilən ekskursiyalarda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olur, Fəxri xiyabanda məzarını ziyarət edirik. Bundan əlavə, məktəbimizdə Ulu Öndərə həsr olunmuş müxtəlif tədbirlər, inşa yazıları, rəsm müsabiqələri və idman yarışları keçirilir.
Ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən bəhrələnərək özüm bir çox uğura imza atmışam. Azərbaycanda keçirilən Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülmüşəm, “Sabahın Alimləri” XIV Respublika Müsabiqəsində Kompüter elmləri kateqoriyası üzrə 3-cü pilləyə qalxmışam, İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən 2025-ci ildə təşkil olunan Top 10, Milli İqtisadiyyat Olimpiadasının iştirakçısıyam. Hetsiba Proqramı çərçivəsində “İsrail 75 yaşında”, “İbri dili” olimpiadalarında finala çıxmışam və yəhudi məktəbliləri arasında 2-ci yeri qazanmışam. Çexiya Respublikasında nəşr olunan “İqlim dəyişikliyi dövründə yenilənə bilən enerji-saxlamanın səmərəliliyinin proqnozlaşdırılması və optimallaşdırılması” məqaləsinin müəlliflərindən biriyəm, rus bölməsi üçün nəşr olunan “Azərbaycan dili” dərs vəsaitindəki Azərbaycan sözlərini rus dilinə tərcümə etmişəm. Bunlardan əlavə, Astanada keçirilən “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin “İT-Sfera” kateqoriyası üzrə finalçısıyam.
Ayan NƏZƏRƏLİYEVA,
Bakıdakı 152 saylı tam orta
ümumtəhsil məktəbinin XI sinif şagirdi

