Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,954
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Fev

    Uca Tanrı insanı çox güclü yaradıb. Ona zəka və qüvvət verib. Təəssüf ki, çox zaman bunlar onun özünə qarşı çevrilir, odur ki, dünyada müharibələr, münaqişələr səngimir, günü-gündən daha da alovlanır. Azərbaycan xoşbəxt ölkədir ki, ərazisində terrora, işğala son qoya bildi, torpaqlarımızı bütövləşdirdi, suveren və müstəqil ölkə kimi dünyaya nümunə oldu.

    Lakin insanlar yalnız müharibələr zamanı ölmür, minlərlə insanın məhvinə, ailələrin faciəsinə səbəb olan başqa bir bəla da var– onun adı narkomaniyadır. Müharibədən fərqli olaraq, burada düşmənlə üzbəüz mübarizə aparmırsan, o, gözləmədiyin halda, aldadıcı xoş sifətlə gəlir. Narkomanların toruna ən çox düşən isə yeniyetmələr və gənclər olur.

    Narkomaniya ilə mübarizədə dövlət səviyyəsində bir çox tədbirlər görülsə də, təəssüf ki, bu bəla nəinki azalmır, hətta onun yaşı cavanlaşır. Yəni daha çox azyaşlılar narkomanların və digər dələduzların toruna düşürlər. Ona görə ki, bu, qonşu ölkələrdəki bəzi dairələrin marağına uyğundur.

    “Ağ ölüm”lə mübarizəni yalnız məktəbin, yaxud ailənin üzərinə atmaq olmaz. Bu məsələdə hamı birləşməlidir – polis, ayrı-ayrı dövlət qurumları və əlbəttə ki, məktəb və ailə. Bugünlərdə Tərtər Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən tədbir məhz narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə məsələlərinə həsr olunmuşdu. Şagirdlərin görüşünə gələn qonaqlar – rayon Polis şöbəsinin rəisi, polis polkovnik–leytenantı Rüfət Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Rəvan Həsənov, rayon icra hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunda hüquqşünas Çingiz İsayev, Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, ”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova sadə və anlaşıqlı dildə onlara “ağ ölüm”ün insan ömrünə gətirdiyi bəlalardan, erkən nikahın fəsadlarından danışmış, müasir dövrün ən zərərli və geniş yayılmış cinayətlərindən olan kibercinayətkarlıqla bağlı tövsüyələrini vermişlər.

    Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov bildirib ki, bu məsələlərə heç kim biganə qalmamalıdır. O, diqqətə çatdırıb ki, hazırda narkotik vasitələrin qanunsuz dövrüyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları barışmaz və qətiyyətli tədbirlər həyata keçirirlər. Rayon sakinləri – yaşlı nəsildən tutmuş uşaqlaradək bu işdə polis əməkdaşlarına dəstək olmalıdırlar. Narkotik vasitələrin satışı ilə məşğul olan bir şəxsin məsuliyyətə cəlb edilməsi neçə-neçə gəncin həyatını xilas edəcək. Həmçinin bildirildi ki, heç kim bilə-bilə özünü narkomaniya kimi qorxulu bir bataqlığa atmaz. Bu bəlaya artıq düçar olanlar saf, təmiz uşaqları da müxtəlif vasitələrlə aldadıb öz vəziyyətlərinə salmaq, həmçinin qazanc əldə etmək istəyirlər. Odur ki, “ağ ölüm”lə mübarizədə ən güclü vasitə maarifləndirmədir.

    Polis rəisi həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

    Sonra erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.

    Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunun əməkdaşı Çingiz İsayev, rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da çıxış ediblər.

    Sonda müzakirə olunan mövzularla əlaqəli şagirdlərin sualları cavablandırılıb.

    “YENİ TƏRTƏR”

     

    Müəllif: Redaktor, 13:32

İsmarıclar bağlıdır.