Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,953
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    BİR AİLƏNİN HARAYI

    Zöhrab malı-heyvanı örüşdən gətirib dama qatdı. Sonra əl-ayağını təmiz yuyub içəri keçdi. Yerdən açılmış süfrənin arxasında, anasının xüsusi bir zövqlə onun üçün hazırladığı qırmızı döşəkçənin üstündə oturub başını aşağı dikdi. Onun bu halına hamı – ata-anası da, bacıları da məəttəl qalmışdılar. Evin böyük oğlu Vidadi ailə qurub ayrılandan, ailənin qarğaşasının çoxunu öz üstünə götürən Zöhrab həmişə gülərüz, şən olardı. Sanki onda uşaq şıltaqlığı ilə kişi mətanəti birləşib, çox qəribə bir xarakter yaratmışdı. Hərdən Hüsen deyirdi:
    – Ay oğul, uşaqsan axı, bir səhər doyunca yat dincəl, qoy çölə mən gedim.
    Amma Zöhrab razılaşmırdı. Bəs, indi nə oldu ona? Atanın nigaran baxışlarının üzünə dikildiyini hiss edən Zöhrab özü danışmağa başladı:
    – Ay ata, kəndimizə Yerevandan bir erməni gəlib. Atın belinə minib, uşaqların üstünə sürür. Bu gün mənim mal-heyvanımı da qabağına qatıb, aparırdı. Hələ oğlanlar bir yana, suya gedən qızları da qorxudub.
    Zöhrab danışdıqca, atasının rəngi qaralırdı. Xocalının Daşbulaq kəndində yaşadıqları uzun illər ərzində onlar ermənilərlə qonşuluq etmişdilər. Amma son vaxtlar vəziyyət dəyişib. Artıq bugünkü hadisə xəbərdarlıqdır. O başa düşürdü ki, canından artıq sevdiyi qızları Süsəni, Xoşbəxti, Nəsibəni, elə oğlu Zöhrabın özünü də burada saxlamaq təhlükəlidir.
    Hüsenlə Əziz səhərə qədər göz yummadılar. Elə hey götür-qoy etdilər. Ara verməyən atəş səsləri onların nigarançılığını daha da artırırdı.
    Yurdu tərk eləmək, 6 uşa-ğının böyüdüyü doğma ocağı düşmənlərin ixtiyarına verib getmək elə də asan iş deyildi. Bu həyətdə iki toy qurulmuşdu– Vidadinin və Gözəlin. Valdeyinlər şükür elədilər ki, barı bu övladları təhlükəsiz yerdədirlər.
    Xoruz banı ilə bütün ailə ayaq üstə idi. Qapıda yük maşını dayanmışdı. Ən zəruri əşyalarını götürüb üz tutdular Xocalı şəhərinə. O Xocalıya ki, onların gə-lişindən cəmi bir neçə ay sonra yerlə-yeksan ediləcəkdi…Faciədən qaçan ailə yerə-göyə sığmayan faciə ilə üzləşdi…

    *     *    *

    …Vidadi ilə Gözəl neçə ay evlərinə getmədilər. Ba-cı-qardaş bir-birinə sığınıb Xocalıdan gələn donmuş insanların qarşısına yüyürərək, əzizlərindən bir soraq almaq istədilər. Gördüm deyən olmadı. Təkcə qonşularından biri təsdiqlədi ki, həmin gecə bütün ailə evdəydi və biz qaçanda, qışqırıb onları da harayladıq. Necə oldular, başlarına nə gəldi, bilmirik.
    Vidadi:
    – Hər axşam saatlarla əzizlərimin şəkilləri qar-şısında oturub onlarla söhbət edirəm. Atamla anam çox uşaqcanlı idilər. Düşü-nürəm ki, yalnız ölüm onları sevimli balalarından ayıra bilərdi. Bəs, onda niyə 6 nəfərdən birinin meyitini tapmadıq? Bizim dərdimiz nə yerə sığır, nə də göyə. İnsanlar bir əzizini itirəndə dözə bilmirlər. Biz isə onları nəinki itirmişik, heç el adəti ilə torpağa da tapşıra bilməmişik.
    Gözəl:
    – Mənim sözlərim bəlkə də çoxlarına qəribə gələr, heç kimə bu cür arzularla yaşamaq qismət olmasın! Amma inanırsınız, Novruz bayramı gəlir, elimizdə “Qara bayram” deyilən günlərdə insanlar qəbir üstə çıxır, əzizlərinə evlərindən bayram payı aparırlar, mən isə ürəyimdən keçirirəm ki, kaş o qəbirlərin arasında atamın, anamın, toysuz bacılarımın, dünyada hamıdan çox sevdiyim Zöhrabın məzarları olaydı! Bacılarımın gəlin otaqlarını bəzəmək, Zöhrabın sevdiyi qıza elçi getmək qismət olmadı, barı məzarları üstündə do-yunca ağlayıb ürəyimi boşaldaydım!
    Getmədiyimiz ünvan, döymədiyimiz qapı qalmayıb.
    Axı, dünyada ölümdən betər hansı bir ölçü var? Böyük bir ailənin harayı heç yerə çatmır.
    Hərdən onları yuxularımda görürəm. Xüsusən də bacım Xoşbəxti. Yaxşı yadımdadır, məktəbdə müəllimlər onun adını soruşanda, həmişə başını aşağı dikib adını yavaşdan deyədi. Müəllimlər isə zarafat edərdilər ki, gör valideynlərin səni nə qədər sevirlər ki, adını Xoşbəxt qoyublar.
    Yuxularımda bacımı həmişə pərişan görürəm, sanki mənə nəsə demək istəyir, qışqırır, amma… harayını eşitmirəm, dediklərini başa düşmürəm.
    Görəsən, nə zamansa bu harayı dünya eşidəcəkmi?

    SVETLANA BAĞIROVA
    28 fevral 2012-ci il

    Dünya bu harayı eşitmədi. Beynəlxalq təçkilatlar uzun illər ərzində susdular.
    Çox şükür ki, minlərlə şəhidimiz kimi, Hüsen kişinin ailəsinin qisası döyüş meydanında alındı. Bu qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu aldı.

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.