“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Ümummilli Lider Heydər Əliyev
“Ümummilli Liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülmüşdür”.
Prezident İlham Əliyev
BÖYÜK QAYIDIŞ XOCALIYA YENİ HƏYAT BƏXŞ EDİB
Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərkən, Xo-calının yerli əhalisi olan azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Sözü ilə əməli bir olan, ata vəsiyyətinə layiqincə əməl edən Qalib Prezident İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun sayəsində hər qarışı günahsız insanların qanına boyanmış Xocalı, indi azaddır. Xocalılar doğma yurdlarına dönürlər. Böyük Qayıdış onlara yeni həyat bəxş edir.
Xarabalıqlara çevrilmiş kəndlərin yerində müasir qəsəbələr, kəndlər salınır. İnsanlar dəhşət içində tərk etdikləri yurd yerlərinə sevinc hisslərilə qayıdırlar.

