Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,953
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    Fevral ayı gələndə havaların isti, yaxud soyuqluğundan asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi üşüyür, damarlarında qan donur. Qələbəmizdən ötən son beş il ərzində bizi bürüyən bu hisslərə qalib xalq olmağın sonsuz qüruru, bu yolda canlarını qurban verən şəhidlərimizə minnətdarlıq hissləri əlavə olunub. Onların hər birinin xatirəsi əzizdir, daim anılır və əbədi anılacaq. Fevral ayında hazırldığımız sayımızda bu ayda doğulmuş I Qarabağ müharibəsi şəhidlərimizin həyatı haqqında qısa məlumatları çatdırmaq istəyirik.

    Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elman Süleyman oğlu

    1952-ci il fevral ayının 28-də Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1958-1968-ci illərdə Qaraqoyunlu kənd məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1973-cü ildə həmin İnstitutun hidromeliorasiya fakültəsini bitirib. 1973-1975-ci illərdə Gürcüstanda zabit kimi hərbi xidmətdə olub. 1991-ci il sentyabr ayına qədər rayonda müxtəlif rəhbər vəzifələrdə işləyib. 1991-ci il sentyabr ayının 22-də rayonda ərazi özünümüdafiə qərargahı təşkil edib, onun rəisi olub. 1991-ci il noyabrın 12-də Tərtər Batalyonuna ilk komandir təyin edilib. Əvvəllər işlədiyi rəhbər vəzifələrdə yüksək təşkilatçılıq qabiliyyəti əldə etmiş Elman Hüseynov ilk komandir kimi Tərtər Özünümüdafiə Batalyonunun o dövrdəki siyasi oyunlara cəlb edilməsinə yol verməyəcəyini və yalnız doğma torpağımızın azğın ermənilərdən təmizlənməsində iştirak edəcəyini qarşıya məqsəd qoymuşdu. Batalyona komandirlik etdiyi müddət ərzində də bu məqsədinə nail olmuşdur. Bu yolu batalyon Onun həlakından sonra da davam etdirdi. Ağdərə bölgəsinin Seysulan, Yarımça, Çaylı, Marquşavan, Marağa, Həsənqaya, Levonarx, 3№-li sovxoz, Ağdərə, Orta kənd, Sərsəng su anbarı, Kasabet, Drambon, Maqavuz, Çıldıran və digər yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə batalyon fədakarlıqlar göstərmiş, düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi rolu olmuşdur.Yüksək peşəkar zabit hazırlığına malik olan Elman Hüseynov vuruşmalarda 3 dəfə yaralansa da, öz döyüş yolundan dönməmişdir.
    1993-cü il yanvar ayının 14-də Vəng kəndinin azad olunması uğrunda gedən qanlı döyüşdə o, qəhrəmancasına şəhid oldu. Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, göstərdiyi şəxsi igidliyə və şücaətə görə 1995-ci il yanvar ayının 15-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
    Tərtər şəhərinin mərkəzi küçələrindən birinə Elman Hüseynovun adı verilərək əbədiləşdirilib, büstü qoyulub. Bakı şəhərinin Xəzər rayonunda Milli Qəhrəmanın adına küçə əbədiləşdirilib. Haqqında Əntiqə Qonağın müəllifi olduğu “Ölməzlik” adlı kitab çap olunub.
    2016-cı ildə “Yaddaş” studiyası tərəfindən, Nizami Abbasın Azərbaycanın Milli Qəhrəmanı, Tərtərin Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi çəkilib. Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib.

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.