Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,953
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    Ofeliya Əkbərova o insanlardandır ki, gənclik illərindən öz həyat yolunu düzgün müəyyən edə bilib və artıq 40 ildir ki, bu yolda inamla, böyük həvəslə, işindən zövq alaraq irəliləyir. Ofeliya müəllim 1986-cı ildə rayonumuzdakı peşə məktəbinin dərzi qrupuna daxil olub və 1989-cu ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib.
    Yiyələndiyi peşə vərdişlərini daha da təkmilləşdirmək və biliklərini artırmaq istəyən gənc qız bundan sonra Gəncə Yüngül Sənaye texnikumunda təhsil alıb və göndərişlə doğma məktəbə, bu dəfə istehsalat təlimi ustası kimi qayıdıb.
    1991-ci ildən fasiləsiz olaraq dərzi qrupunda tələbələrinə sevdiyi peşənin incəliklərini öyrədir.
    Söhbət zamanı Ofeliya müəllim bildirdi ki, əmək fəaliyyətinə başladığı illər olduqca ağır idi. Ölkədə müharibə gedirdi. Kəlbəcərin işğalından sonra isə məktəbdə keçmiş məcburi köçkünlər məskunlaşdılar. Dərs keçmək, tələbələrə nəyisə öyrətmək üçün şərait yox idi. Buna baxmayaraq, məktəbdə işlər davam edirdi.
    Müharibənin başa çatması, yurd-yuvalarından didərgin düşmüş insanların geri dönməsi ilə Tərtər Peşə Məktəbinin həyatında yeni mərhələ başladı. Əsaslı təmirdən sonra emalatxanalar, sinif otaqları ən müasir avadanlıqlarla təchiz olundu, istehsalatda daha çox tələbat olan peşələr üzrə əlavə qruplar açıldı.
    Hazırda Ofeliya müəllimin qrupunda 18 tələbə var. Emalatxanaları kimi, bu gənclərin üzləri də işıqlıdır. Əl qabiliyyətlərinə isə söz ola bilməz. Divarları bəzəyən müxtəlif milli geyimlər, uşaqlar üçün hərbi paltarlar və digər bir-birindən gözəl əl işləri onların zəhmətinin məhsuludur. Bunların sırasında həm ustanın, həm də gənclərin ən çox fəxr etdikləri və qürurla hazırladıqları 25 metr uzunluğunda olan milli bayrağımız xüsusi yer alır.
    Ofeliya müəllim deyir:
    –Qrupumuzda qızlarla yanaşı oğlanlar da təhsil alırlar. İlk növbədə onlara öhdəmizdə olan avadanlıqlarla məsuliyyətlə, səliqəli davranmağı öyrədirəm. Dərzi peşəsi sadə olduğu qədər də çətindir. Bu peşəni seçənin səbri bol, zövqü isə çox gözəl olmalıdır. Uşaq-ların zövqlü olması hazırladıqları geyimlərdən görünür. Bunların bəzək işlərinin çoxu əllə görülüb. Buna görə də bayram şənliklərində, müxtəlif tədbirlərdə bizə müraciət edir, bunlardan istifadə edirlər.
    Öyrəndik ki, qrupun tələbələri ilə birlikdə Ofeliya müəllim daha çox tələbat olan geyimlərin sayını, çeşidini artırmaq istəyir. Bu işdə ona Aytən Quluzadə, Cəmilə Balakişiyeva, Səbinə Məmmədli, İlahə İsmayıllı, Gülüstan Baxşəliyeva və başqaları həvəslə kömək edirlər
    Bu günlərdə Ofeliya xanım Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olunub. O deyir:
    –Rayon rəhbərliyi tərəfindən zəhmətimin qiymətləndirilməsi yeni uğurlarımza yol açır. Hər bir tərtərli kimi mən də çalışacağam ki, məktəbimizin kollektivi ilə, tələbələrimlə birlikdə ümumi işimizə öz töhfəmizi verək.

    SVETLANA BAĞIROVA

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.