
Hesabat yığıncağında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, hüquq mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə mərkəzin foyesində rayonda istehsal edilən məhsulların sərgisinə baxıblar.
Yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Rayon rəhbəri 2026-cı ilin tərtərlilər üçün yaddaqalan tarixi hadisə ilə başladığını, yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 48 il öncə Ümummilli Liderin açılışını etdiyi Tərtər Eletromexanika zavodunda aparılan geniş yenidənqurma işlərindən sonra zavodun açılışını etdiyini bildirmiş, dövlət başçısının rayonda yerləşən hərbi təyinatlı sənaye obyektinə göstərdiyi bu diqqət və qayğının rayon ictimaiyyətinin əhval ruhiyyəsini daha da yüksəltdiyini, insanlarda sabaha inamı, görülən işlərə güvəni və yeni inkişaf mərhələsinə keçid əzmini daha gücləndirdiyini qeyd etmişdir.
2025-ci ilin də uğurlu keçdiyini qeyd edən icra başçısı döyüş meydanında Şanlı Qələbə qazanmış ölkəmizin 2025-cı ilin avqust ayında siyasi müstəvidə də müharibəyə son qoyduğunu, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədinin imzalandığını, Zəngəzur dəhlizinin açılmasının artıq Amerika Prezidenti tərəfindən də təsdiqləndiyini qeyd etmiş, ölkə rəhbərinin həyata keçirdiyi iri miqyaslı davamlı layihələr nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada siyasi və iqtisadi qüdrətinin daha da artdığını, 44 günlük Şanlı Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin, “Böyük qayıdış”ın insanlar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını qeyd etmiş, rayonda sosial-iqtisadi, aqrar, tikinti-quruculuq və sair sahələrdə 2025-ci ildə əldə olunmuş nəticələrdən danışmışdır.
İclasda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını bildirib. Eyni zamanda Tərtər rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu vurğulayıb.
Məruzə ətrafında Tərtər DAİM-in direktoru Mehman Babayev, Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Qarabağ Regional Maliyyə İdarəsinin rəisi Əli Əlizadə, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov və “Prime Cotton” MMC-nin Qarabağ Regional Mərkəzinin direktoru Amil Rəşidov çıxış ediblər. Çıxışçılar 2025-ci ildə rayonumuzun bütün sahələrdə əldə etdiyi nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə fikir və təkliflərini bildirdilər.
Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciət diqqətə çatdırılıb. Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.

