Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,929
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Yan

    Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilib. Prezident müşavirədə çıxış edib.

    Dövlət başçısı bildirib ki, ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmışdır.

    Həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Azərbaycan bir neçə ildən sonra, – necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, – eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.

    Qeyd olunub ki, ölkədə qazlaşma 96 faizə çatıbdır.

    Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.

    Avtomobil yollarının inşası geniş vüsət almışdır.

    Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar – bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.

    Dövlət başçısı deyib ki, içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.

    Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.

    Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd edilməlidir. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.

    Su mənbələri hər bir ölkə üçün çox önəmlidir.

    Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır.

    Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür.

    Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır.

    Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.

    Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Proqramın hazırlanması prosesi başlamışdır.

    Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.

    Diqqətə çatdırlıb ki, 30-a yaxın yeni su anbarı tikilməli, sayğaclaşdırma 100 faizə çatdırılmalıdır.

    Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

    Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Dənizə buraxılan sular 100 faiz təmizlənəcək. Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək.

    “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədləri:

    – su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi;

    – su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi;

    – yağış suları risklərinin aradan qaldırılması;

    – tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması;

    – su sektorunda rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) sistemlərinin tətbiqi;

    – su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təmini.

    Bu proqramın həyata keçirilməsi nəticədə Azərbaycan vətəndaşlarının həyatını yaxşılaşdıracaq.

     

    Müəllif: Redaktor, 13:01

İsmarıclar bağlıdır.