Son illər Azərbaycan Respublikasında enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və dayanıqlı inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Qlobal enerji çağırışları, iqlim dəyişiklikləri, eləcə də yaşıl enerjiyə keçid tendensiyaları fonunda ölkəmiz bu sahədə ardıcıl və strateji addımlar atmaqdadır.
2026-cı il yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi ölkənin enerji tarixində əlamətdar hadisə kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş bu stansiya Azərbaycanda bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu layihənin ölkənin enerji potensialının gücləndirilməsində mühüm rol oynayacağını vurğulamışdır. Dövlətimizin başçısı bildirmişdir ki, 240 meqavat gücündə olan bu stansiya təkcə enerji istehsalına deyil, ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Prezident qeyd etmişdir ki, stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuş və bu müddət ərzində intensiv tikinti və quraşdırma işləri aparılmışdır. Nəticədə qısa zaman kəsiyində müasir texnologiyalara əsaslanan iri enerji obyekti istifadəyə verilmişdir.
Prezident İlham Əliyev çıxışında bu layihənin reallaşdırılmasında əməyi olan bütün tərəflərə, xüsusilə investor “ACWA Power” şirkətinə təşəkkürünü ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu stansiya “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpaolunan enerji obyektidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha geniş planlarının mövcud olduğu və Azərbaycan dövlətinin bu təşəbbüsləri tam dəstəklədiyi xüsusi vurğulanmışdır. Bununla yanaşı, “ACWA Power” şirkətinin Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə ölkədə ilk dəfə həyata keçiriləcək layihədə də investor kimi çıxış edəcəyi diqqətə çatdırılmışdır ki, bu da enerji ilə yanaşı, su təhlükəsizliyi baxımından da mühüm perspektivlər açır. Hazırda Qaradağ, Xızı və Abşeron rayonlarında həyata keçirilən layihələrlə yanaşı, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə də yeni iri enerji stansiyalarının inşası planlaşdırılır. Bu isə yaşıl enerji strategiyasının ölkə üzrə sistemli şəkildə reallaşdırıldığını təsdiqləyir.
Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı beynəlxalq qiymətləndirmələrə əsasən 157 giqavat səviyyəsindədir. Bu göstərici yaxın illərdə Azərbaycanın regionun aparıcı yaşıl enerji istehsalçılarından birinə çevriləcəyinə real zəmin yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan etibarlı və böyük elektrik generasiya gücünə malik ölkə statusunu daha da möhkəmləndirəcəkdir.
Prezident İlham Əliyev xarici və yerli investorları yüksək enerji tutumlu sahələrə, xüsusilə süni intellekt, data mərkəzləri və rəqəmsal texnologiyalar sahəsində investisiyalar yatırmağa dəvət etmişdir. Ölkədə mövcud olan əlverişli investisiya iqlimi, siyasi sabitlik və möhkəm maliyyə imkanları bu çağırışın real əsaslara söykəndiyini göstərir. Qeyd edilmişdir ki, bu günə qədər Azərbaycana 300 milyard dollardan artıq xarici sərmayə cəlb olunmuşdur və aparılan iqtisadi islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Nəticədə ölkənin kredit reytinqi yüksəldilmiş, investisiya və müsbət proqnozlu səviyyəyə çatdırılmışdır.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu layihə bir daha sübut edir ki, Azərbaycan yalnız ənənəvi enerji ölkəsi deyil, eyni zamanda bərpaolunan enerji sahəsində regional və qlobal miqyasda iddialı hədəflərə malik dövlətdir. Enerji sisteminin müasirləşdirilməsi, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarından biri olaraq qalmaqdadır.
Əli Paşayev,
YAP Tərtər rayon
təşkilatının məsləhətçisi

