Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,922
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Yan

    Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib. Prezident deyib ki, bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.

    Qeyd olunub ki, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük – həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

    Dövlət başçısı bildirib ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər.

    Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi – Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması.

    Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır.

    Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı.

    Bildirilib ki, Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir.

    Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir.

    Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar.

    Qeyd olunub ki, AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar.

    Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi.

    Bizə qarşı böyük ədalətsizlik olmuşdur.

    Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.

    Biz uzun illər çalışırdıq ki, 907-ci düzəlişi ləğv etdirək.

    O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, – hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, – Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik.

    Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.

    Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq.

    Dövlət başçısı deyib ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır.

    Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm.

    Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər.

    Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir.

    Bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır.

    Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

    Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük.

    Qürur hissi ilə bildirilib ki, işğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

    Bir çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada – Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə – Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.

    Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir.

    Qəbələdəki Zirvə Görüşündə mən təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir.

    Prezident diqqətə çatdırıb ki, bizim böyüklüyümüz, müdrikliyimiz, məsuliyyətimiz göz önündədir.

    Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək.

    Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq.

    Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib.

    Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur.

    Nəqliyyat sektorunda fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq.

    Çin üçün bu regionda Azərbaycan prioritet tərəfdaşdır.

    Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan halda düşünürəm, həm əmtəə dövriyyəsinin həcmi nöqteyi-nəzərindən, potensial baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonrakı istiqamətlər üzrə bölüşdürəcək ölkə kimi, Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan prioritet tərəfdaşdır.

    Bu axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər. Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə – yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək.

    Buna görə də Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq.

    Əlbəttə ki, burada daha bir yeni əməkdaşlıq istiqamətini qeyd etməyə bilmərəm. Bu, hərbi-texniki əməkdaşlıqdır. Ona da, həmçinin əldə olunmuş siyasi razılaşmalar çərçivəsində başlanılıb. Bu, Çin və Azərbaycan arasında yeni bir qarşılıqlı fəaliyyət sahəsidir. Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır.

    Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb. Bu, ümumiyyətlə, ictimaiyyətin diqqətindən gizli saxlanılır, necə ki, belə də olmalıdır, amma həm də hər iki ölkə tərəfindən verilən strateji xarakterli ciddi siyasi qərardır və böyük potensiala malikdir. Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Bu, təbii ki, Azərbaycana böyük fayda gətirəcək.

    Prezident bildirib ki, bizim ehtiyatlarımız xarici borcu 17 dəfə üstələyir.

    Bəli, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda, böyük imkanlar açır. Biz bunun üzərində fəal işləyirik. Eyni zamanda, Azərbaycanın Birləşmiş Ştatlara yatırdığı investisiyaların artıq müəyyən tarixi var. Biz əsasən qiymətli kağızlara investisiya yatırmışdıq. Lakin indi, iki ölkə arasında olan münasibətlərin bu yeni mərhələsindən sonra biz real iqtisadiyyatın layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçiririk. Eyni zamanda, Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 giqavat həcm varımızdır.

    Hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir. Potensial, güclü siyasi iradə mövcuddur.

    Bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir.

    Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir.

    Qeyd olunub ki, daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki investisiya proqramımız var – biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür.

    Prezident deyib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

    Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

    Biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik.

    Ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.

    Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər.

    Dövlət başçısı diqqətə çatdırıb ki, son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir.

    Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur. Müharibələr olub, İkinci Dünya müharibəsi, ondan sonrakı müharibələr. Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur. Bir sözlə, bu istiqamətdə mən hələ sosial infrastruktur layihələrini qeyd etmirəm. Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq

    İlk növbədə işğal olunmuş ərazilərdə bölgələr arasında bağlantı yaratdıq və daha sonra həmin bölgələrin ölkəmizin digər əraziləri Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantının yaranması üzərində işlədik.

    Çünki, ilk növbədə, biz gərək bu bölgələr arasında bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Ona görə biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik.

    Enerji sistemi – dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur.

    Yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.

    Bildirilib ki, bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşayır.

    İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır.

    Qeyd edilib ki, biz əslində bu dəhlizi İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq.

    Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq.

    Bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb.

    Azərbaycanla Ermənistan arasında yollar açılacaq.

    Biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər.

    Bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq.

    Mən şanlı Zəfərimizdən dərhal sonra demişəm ki, biz arxayınlaşmamalıyıq, həyatımızı bu Qələbəni bayram etməyə həsr etməməliyik. Bu, bizi heç yerə aparmayacaq. Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi.

    2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər atdığımız heç bir addım kortəbii, emosional və ya reallıqdan kənar deyildi. Hər şey tək bir məqsədə tabe idi: Ermənistanı “Miatsum siyasəti”ni davam etdirməyin fəlakətli olduğuna inandırmaq. Müəyyən dərəcədə bu, uğurlu oldu və 2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı.

    Bu, vacib idi, amma hələ hər şey deyildi, çünki hamısı, sadəcə, sözdə idi, lakin əməldə hər şey davam edirdi. Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi, silah tədarükü – bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı. İndiyədək heç bir sülh də olmazdı və separatçılar bu günədək özlərini qorunmuş hiss edərək və Azərbaycan dövlətinə meydan oxuyaraq sərbəst hərəkət edərdilər.

    Təbii ki, biz buna dözmək fikrində deyildik. Brüsseldəki görüşlərdə erməni həmkarıma dəfələrlə demişdim ki, səbrimizi sınamaq lazım deyil, orada kimin olmasından və ya başqalarının nə deməsindən asılı olmayaraq, istənilən an “Laçın dəhlizi” adlanan əraziyə nəzarəti tamamilə ələ keçirə bilərik. Təəssüf ki, arqumentlərim istənilən effekti vermədi, biz bunu 2023-cü ilin sentyabrında nümayiş etdirməli olduq. Lakin 2023-cü ilin sentyabr ayına hazırlıq görülməli idi və hələ nəzarətimiz altında olmayan ərazi də daxil olmaqla, yerində buna hazırlıq görülməli idi.

    Ona görə də Qarabağda strateji yüksəkliklərin ələ keçirilməsi üzrə aparılan həmin əməliyyat tədbirləri mahiyyətcə ona gətirib çıxardı ki, sentyabrın 19-20-də separatçıları kapitulyasiyaya məcbur etmək üçün bizə cəmi bir neçə saat lazım oldu. Yəni demək istəyirəm ki, bu 5 il ərzində biz, sadəcə, hazırlıq görmürdük, həm də hərəkət edirdik. Ermənistanda bu gün deyilənləri anladıqları zaman, – düzgün də deyirlər, hesab edirəm ki, bu, çox məntiqlidir, – belə ki, öz sərhədləri ilə real Ermənistan var və biz bu sərhədləri tanımadığımız müddətdə onlar mövcud deyil. Əgər xatırlayırsınızsa, onları nizamlamaq lazım gəldiyi zaman mən deyirdim ki, sərhəd bizim lazım bildiyimiz yerdə olacaq.

    Bununla paralel olaraq yenidən silahlanma, yeni silahlı dəstələrin yaradılması prosesi gedirdi.

    Mən bu barədə paradda çıxışımda qısaca danışmışam. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi nümayiş etdirilməməlidir, amma zamanı gələcək. İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir.

    Axı, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib, diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik. Bunun üçün döyüş qabiliyyəti olan orduya malik olmaq lazımdır. Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki, müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz. Axı, biz dünyada hadisələrin necə dəyişdiyini görürük.

    Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, – mən bunu bir dəfə demişəm, – həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb. Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə, sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

    Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb.

    Keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik.

    Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

    Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə, eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq.

    İlkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bu gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki, biz bu rəqəmə üç-dörd ilə çata bilərik.

    Prezident bir daha xatırladıb ki, təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir.

    Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik.

    İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib.

    Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir.

    Biz hər zaman həqiqətə, ədalətə sadiq olmuşuq.

    Biz kağız – BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq.

    Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur.

    Dil haqqında danışan dövlət başçısı deyib ki, ilk növbədə, dil insanları, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə.

    Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik.

    Biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz.

    Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir.

    Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Çünki üçüncü-dördüncü nəsil azərbaycanlıların uşaqlarının artıq bəziləri ana dilini bilmirlər. Burada bir çox amillər birləşir. Əsas amillər əvvəl dediyim məsələdir və böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur. Bu, əlbəttə ki, çətindir, çünki xaricdə yaşayan azərbaycanlıların, təbii ki, hər birinin imkanı yoxdur. Amma arzum budur və burada jurnalistlərdən çox şey asılıdır. Çünki, necə deyərlər, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən Akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq.

    Qeyd olunub ki, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır.

    Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.

    Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, – onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə, – yaradılıb.

    Məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə – beş. Qalanını da özümüz, o cümlədən Xankəndi Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq.

    Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var.

    Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi – çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır. Əlbəttə, hər birimiz ölkəmiz üçün ancaq yaxşı günlər arzulayırıq və verdiyiniz bu sual da çox vaxtında verilən sualdır. Bu da ayrıca bir danışığın, yəni söhbətin mövzusudur. Ancaq hesab edirəm ki, biz düzgün yoldayıq və islahatlar davam etdiriləcək.

    Diqqətə çatdırılıb ki, struktur islahatlarının aparılması təbii ki, vacibdir.

    Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər.

    İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur.

    Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək.

    Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək.

    Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.

     

     

    Müəllif: Redaktor, 09:22

İsmarıclar bağlıdır.