
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin başlanması münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Niyaməddin Aslanov, şəhid və qazi ailələrinin üzvləri və uşaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sü-kutla yad olunub.
Çıxışında icra başçısı Müstəqim Məmmədov iştirakçıları bayram münasibətilə təbrik edərək, şəhid və qazi övladlarına səmimi arzularını çatdırıb. Qeyd olunub ki, tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin əmanəti olan övladlara və sağlamlıqlarını qurban vermiş qazilərimizin balalarına diqqət və qayğı göstərmək, onlara sevinc bəxş etməkdir.
Vurğulanıb ki, şəhidlərin qəhrəmanlığı və qazilərin şücaəti Azərbaycan tarixinin ən şərəfli səhifələrini təşkil edir, onların övladları isə dövlətimizin gələcəyi və qürur mənbəyidir. Bildirilib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəlmiş tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Niyaməddin Aslanov və Vətən müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov çıxış edərək uşaqları hər iki bayram münasibətilə təbrik ediblər.
Tədbir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şəhid və qazi övladları üçün hazırladığı konsert proqramı ilə davam etdirilib. Uşaqlara Yeni il hədiyyələri təqdim olunub, Şax-ta Baba və Qar Qızın iştirakı ilə yolka ətrafında əyləncəli proqram keçirilib.

