Daha bir il arxada qaldı. Yeni il gecəsi hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Yeni il təbrikini diqqətlə dinlədik və qürur duyduq. Təbrikdə deyilir: “Bu il biz Şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”.
Bu Zəfərin əldə edilməsi üçün bizim övladlarımız qan töküblər. Övlad itkisi çox ağırdır. Ancaq dərdimizlə yanaşı qürurumuz da böyükdür. Çünki övladlarımız heç zaman unudulmur və unudulmayacaq. Bu barədə dövlətimizin başçısı deyib: “ Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək Şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır”.
Rayonumuzda şəhid ailələrinə daimi diqqət və qayğı göstərilir. Onların adlarının əbədiləşdirilməsi üşün işlər görülür. Rayon rəhbəri Müstəqim Məmmədov, ictimaiyyət nümayəndələri tez-tez qonağımız olur. Qayğılarımızla maraqlanırlar. Bizim isə yalnız bir arzumuz var: ölkəmizdə daim sülh və əmin-amanlıq olsun! Balalarımızın qəhrəmanlığı sayəsində əldə edilmiş sülhü gələcək nəsillər qorusunlar və möhkəmləndirsinlər.
Yeni il gecəsi Prezidentimizin Azərbaycanın hərbi qüdrətini artırmaq haqqında söylədiyi fikirlər keçmiş döyüşçü və şəhid atası kimi mənim də ürəyimdən xəbər verir.
Akif Lalayev,
şəhid atası

