MÜSTƏQİLLİYİMİZƏ APARAN YOL
2026-cı ilin yanvar ayına qədəm qoymuşuq. Ölkəmizdə sabitlik, əmin-amanlıqdır. İgidlərimizin canı-qanı bahasına geri qaytarılmış torpaqlarımıza Böyük Qayıdış başlayıb. Şəhərlər, kəndlər tikilir, keçmiş məcburi köçkünlər yurd-yuvalarına dönürlər. Doğma Tərtərimizdə həyat qaynayır. İnsanlar rayon rəhbərinin başçılığı ilə müxtəlif sahələrdə işlərin yaxşı qurulması üçün əzmlə ça-lışırlar. İqtisadiyyatımız inkişaf edir, şəhər və kəndlərin siması günü-gündən gözəlləşir.Yollar abadlaşır.
Belə bir vaxtda 36 il əvvəl yanvar ayında baş vermiş hadisələri xatırlamamaq mümkün deyil.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Qeyd etmək lazımdır ki, o soyuq yanvar günlərində küçələrə çıxıb etiraz səslərini ucaldanlar arasında tərtərlilər də az deyildi. Əksəriyyəti Bakı şəhərində təhsil alan tələbələr idi. Onlardan biri -İrəvanlı İƏD üzrə icra nümayəndəsinin müavini, icra nümayəndəsi vəzifəsini icra edən Lətifə İbrahimova deyir:
-Bizi heç nə geri çəkilməyə məcbur edə bilmirdi: nə tankların şəhərə daxil olması, nə də rus hərbçilərinin insanlığa sığmayan hərə-kətləri. Çünki məqsədimiz dövlətimizin azadlığa qovuşması idi. Çox şükürlər olsun ki, indi arzumuza çatmışıq. Azərbaycan azad, müs-təqil bir dövlətdir.
Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
“YENİ TƏRTƏR”

