Tərtər rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim İlinin başlanması münasibətilə ümumrayon tədbiri təşkil olunub. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə, eləcə də Peşə Məktəbi şagirdlərinin Vətən müharibəsinə həsr edilən əl işləri və rəsm əsərlərinə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndərin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni ilin başlanması və “Konstitusiya və Suverenlik İli”nin uğurla başa çatması münasibətilə təbrik edib. O, əldə olunan nailiyyətlərin şəhid və qazilərimizin fədakarlığı sayəsində mümkün olduğunu vurğulayaraq onların xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib.
Çıxışda Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, il ərzində keçirilən tədbirlər, sərgilər, elmi-maarifləndirici görüşlər, ağacəkmə aksiyaları və digər layihələr barədə məlumat verilib. Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığı bildirilib.
Qeyd olunub ki, başa çatan ildə Tərtərdə abadlıq-quruculuq işləri genişlənib, kənd təsərrüfatı sahəsində mühüm nəticələr əldə edilib. Taxılçılar hər hektardan yüksək məhsuldarlıq göstərib, pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru istehsalı və meyvəçilik sahələrində artım qeydə alınıb.
Rayon rəhbəri, həmçinin, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini diqqətə çatdıraraq, qarşıdakı dövrdə də inkişaf layihələrinin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərman və təşəkkürnamələrlə təltif edilib, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırovaya “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub.




