DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏSİNİN BƏHRƏSİ

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüblər.
Görüşdə rayon rəhbəri Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu vurğulayıb və “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan səmimi və qarşılıqlı dostluq münasibətlərinin daim mövcud olduğunu bildirib. Müstəqim Məmmədov həmçinin müxtəlif sahələrdə qardaş ölkənin dəstəyinin hər zaman hiss olunduğunu qeyd edərək, bu münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qonaqlar iki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq əlaqələrindən danışaraq rayon rəhbərinə xatirə olaraq kitab hədiyyə ediblər.
Görüşdən sonra qonaqlar TİKA-nın dəstəyi ilə yenidən təmir olunmuş Tərtər şəhəri Heydər Əliyev adına parkda yerləşən “Açıq Hava Səhnəsi” ilə tanış olublar. Rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramında ilk olaraq hər iki dövlətin himnləri səsləndirilib, daha sonra yerli incəsənət ustalarının çıxışları təqdim olunub. Tamaşaçılar xoş və maraqlı anlar yaşayıblar.
Görüş və tədbir iki ölkə arasındakı dostluq, mədəni və humanitar əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilib.

