MÜƏLLİM ÖMRÜNÜN ZİRVƏSİ
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər təhsil sahəsində çalışmış, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş dəyərli ziyalı, şəhid qardaşı Azad Abbasovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Azad müəllim 1955-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Kəndlərinin işğalından sonra ailəlikcə Tərtər şəhərinə köçüblər. Əvvəllər Umudlu kənd tam orta məktəbində müəllim, sonra direktor müavini, daha sonra isə uzun illər şəhər 6 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Elə həmin məktəbdən də təqaüdə çıxıb. O, həyat yoldaşı Zümrüd müəllimə ilə birlikdə 2 qız, bir ogul övladı böyüdüblər, artıq nəvə sahibidirlər.
Azad müəllimin özündən böyük qardaşı Abbasov Məmməd Salman oğlu 1991-ci il may ayının 25-də erməni işğalçılarının Umudlu kəndinə hücumu zamanı bu hücumun qarşısının alınmasında xüsusi fəallıq göstərmiş və döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Umudlu kəndinin qəbiristanlığında dəfn olunub.
Rayon rəhbəri Azad Abbasovu təbrik edərək, ona gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə təşəkkürnamə və hədiyyə təqdim edib.
Qeyd edək ki, Azad müəllimin oğlu Məmməd Azərbaycan Ordusu sıralarında xidmət edir. Valideynləri hərbçi övladları ilə qürur duyurlar.
Azad müəllim və onun ailə üzvləri təhsil işçilərinə, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
“YENİ TƏRTƏR”

