“AĞDAM TARİXİNİN AYNASI”

Bu günlərdə həmkarımız, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun “Ağdam tarixinin aynası” adlı ktabı çapdan çıxıb. Kitab “Ağdam” qəzetinin 95 illik yubileyinə həsr olunub.
Baxşeyiş müəllimin çox gərgin zəhmətinin bəhrəsi olan bu kitab yalnız qəzetin 95 illik həyatının tarixi deyil, müəllifin dediyi kimi, rayonun özünün tarixinin aynasıdır.
Yubiley nəşrində vaxtilə Ağdamın redaktoru olmuş insanların hər birinin həyatı, fəaliyyəti, yaradıcılığı geniş işıqlandırılıb. Bu məqalələrdə eyni zamanda həmin illərin mənzərəsi, rayonun iqtisadiyyatı, mədəni yüksəlişi əksini tapıb. Baxşeyiş müəllim hər bir yazıda böyük məhəbbətlə uğrunda döyüşdüyü, sağlamlığını qurban verdiyi, yarışəhid, yarıqazi adı qazandığı Ağdam torpağından, onun cəfakeç insanlarından bəhs edir.
Kitabı oxuduqca vaxtilə rayon qəzetlərinin hər bir bölgənin inkişafında necə böyük rol oynadığının şahidi olursan. Lakin dövr dəyişir.
Bu gün tədricən bölgə qəzetlərinin, ümumilikdə çap mediasının fəaliyyəti zəifləyir, yerini isə sosial media tutur. Buna baxmayaraq, Baxşeyiş Hətəmoğlu hələ də doğma qəzetinin nəşrini davam etdirir. O deyir:
-44 günlük Vətən müharibəsindən sonra gördüyümüz Ağdamın mənzərəsi yalnız bizim deyil, xarici qonaqların da ürəyini dağ-layırdı. Düşmən burada daşı-daş üstə qoymamışdı. Təsadüfi deyil ki, şəhərimizi “ikinci Xirosina” adlandırırdılar. Aradan 5 il ötüb. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bölgəmiz dünyada görünməyən sürətlə dəyişir. Biz bu qayıdışdan, yüksəlişdən həvəslə yazırıq və ümid edirik ki, bundan sonra da rayonda görülən işlər aynada olduğu kimi “Ağdam”ın səhifələrində öz əksini tapacaq.
Baxşeyiş müəllimi və vaxtilə bu qəzetdə fəaliyyət göstərmiş, Ağdamın dinc günlərini və müharibə həyatını, düşmənlə mübarizəsini qəhrəmancasına işıqlandırmış hər bir əməkdaşını təbrik edir, möhkəm cansağlığı arzulayır, həyatda olmayanlara rəhmət diləyirik.
Hesab edirik ki, bacarıqlı jurnalistin qələminin məhsulu olan “Ağdam tarixinin aynası” kitabı Ağdam qəzetinə də, onun əməkdaş-larına da ikinci həyat bəxş edəcək.
Onu da qeyd edək ki, bacarıqlı jurnalist, publisist Baxşeyiş Hətəmoğlunun indiyədək 10-dan çox kitabı işıq üzü görüb. Bu kitabların hər birində vətənimizin tarixi, onun qəhrəman övladlarının həyatı, adət-ənənələrimiz öz əksini tapıb.
95 illik yubileyiniz mübarək, əziz həmkarlarımız!
“Yeni Tərtər”

