Milli strategiyanın regional dayağı

Mənim uşaqlıq illərim Tərtərin isti, həm də sərt ruhunda formalaşıb. Buranın torpağı strateji mövqeyi, milli yaddaşdakı simvolik çəkisi və insanlarının dözümlülüyü ilə Azərbaycanın siyasi xəritəsində xüsusi yer tutur. Uzun illər ön cəbhə xəttinə ən yaxın rayonlardan biri olan Tərtər, faktiki olaraq, ölkənin təhlükəsizlik buferi rolunu oynayıb. Elə bu səbəbdən də, burada gündəlik həyat heç vaxt sırf yerli səviyyədə məhdudlaşmayıb—hər evin pəncərəsindən milli təhlükəsizliyin sərhədlərinə baxmaq mümkün idi.
2020-ci ilin 44 günlük müharibəsi və ardınca Qarabağın tam suveren idarəçiliyə qaytarılması Tərtərin siyasi və strateji statusunu yeni mərhələyə daşıdı. Əvvəllər ön xəttdə yerləşən, daim artilleriya atəşinə məruz qalan bu bölgə indi tədricən dövlətin regional inkişaf siyasətinin mərkəzinə doğru irəliləyir. Artıq Tərtər post-müharibə dövründə həm təhlükəsizlik arxitekturasının, həm də sosial-iqtisadi yenidənqurmanın vacib həlqəsinə çevrilir.
Müharibə illərində Tərtərin yaşadığı təzyiq, burada formalaşan vətənpərvərlik ruhu və cəmiyyətin dayanıqlılığı əslində Azərbaycanın bütöv təhlükəsizlik strategiyasının “yerli modeli” idi. İnsanların gündəlik həyat tərzi, məktəblərin və sosial xidmətlərin müharibə şəraitində belə dayanmayıb davam etməsi milli səviyyədə ictimai dözümlülüyün nümunəsinə çevrildi. Məhz bu baxımdan Tərtər həm coğrafi, həm də siyasi mənada dövlətin strateji konsepsiyalarında “keçid bölgəsi” olmaqdan çıxaraq “dayaq nöqtəsi” roluna yüksəlir.
Bugünkü mərhələdə bu bölgənin əhəmiyyəti iki əsas istiqamətdə açılır: birincisi, təhlükəsizlik baxımından regionun strateji mövqeyi hələ də qalır, lakin bu mövqe artıq müdafiə xətti yox, sabitlik və nəzarət zonasına çevrilib; ikincisi isə regional inkişaf siyasətinin prioritet istiqamətlərindən biri kimi Tərtər sosial-iqtisadi transformasiyanın real laboratoriyasına çevrilir. Bu iki proses — təhlükəsizliyin qorunması və inkişafın sürətləndirilməsi — bir-birindən ayrılmaz şəkildə gedir və dövlətin ümumi milli strategiyasında bir növ kəsişmə nöqtəsi yaradır.
Tərtərin strateji əhəmiyyəti uzun illər yalnız hərbi təhlükəsizlik kontekstində dəyərləndirilirdi. Rayonun Xocavənd və Ağdərə istiqa-mətinə yaxınlığı, həmçinin Qarabağın qərbinə açılan təbii keçid zonasında yerləşməsi onu faktiki olaraq Azərbaycanın cənub-şimal xəttində strateji qapıya çevirir. Münaqişə dövründə bu mövqe həm üstünlük, həm də risk faktoru idi: bir tərəfdən, Tərtərdən keçən yollar cəbhə bölgəsinə nəzarəti mümkün edirdi, digər tərəfdən isə rayonun özü ən çox hücuma məruz qalan ərazilərdən biri idi. Müharibə bitdikdən sonra isə həmin coğrafi mövqe tam fərqli məna daşımağa başladı — indi Tərtər Qarabağa inteqrasiyanın mühüm nəqliyyat və logistik dəhlizinə çevrilir. Bu keçid bölgəsi artıq yalnız təhlükəsizlik xətti deyil, iqtisadi axınların, sosial layihələrin və dövlət nəzarətinin möhkəmləndiyi bir mərkəz rolunu oynayır.
Son illərdə bölgədə aparılan infrastruktur işləri də bu strateji keçidi siyasi reallığa çevirir. Yeni yollar, elektrik xətləri, məktəb və səhiyyə ocaqlarının bərpası, yaşayış məntəqələrinin yenidən qurulması təkcə sosial rifah məqsədi daşımır. Belə layihələr eyni zamanda dövlətin “dayanıqlı təhlükəsizlik” modelini bölgədə möhkəmləndirməsinə xidmət edir. Çünki müasir təhlükəsizlik anlayışı təkcə sərhədləri qorumaq deyil, həm də həmin ərazidə həyatın sabit və cəlbedici olmasını təmin etməkdir. İnsanların doğma yurdlarına qayıtması, iqtisadi fəaliyyətin canlanması və cəmiyyətin gündəlik həyat ritminə qovuşması dövlət suverenliyinin ən real ifadələrindən biridir.
Təhlükəsizlik arxitekturası baxımından isə Tərtər indi həm hərbi, həm inzibati, həm də informasiya nəzarətinin təbii mərkəzinə çevril-məkdədir. Qarabağda tam nəzarətin bərpasından sonra burada koordinasiya edilmiş idarəetmə modeli qurulur. Belə bir modeldə yerli icra strukturları, hüquq-mühafizə orqanları, sosial xidmət şəbəkələri və bərpa layihələri bir-biri ilə sıx inteqrasiya olunur. Beləliklə, təhlü-kəsizlik sosial və iqtisadi dirçəlişlə də təmin edilir. Bütün bunlar Azərbaycanın münaqişə sonrası dövrdə seçdiyi strateji yanaşmanın — “yumşaq sabitlik” modelinin bölgə səviyyəsində konkret təcəssümüdür.
Eyni zamanda Tərtərdə həyata keçirilən layihələrin siyasi çəkisi də nəzərə çarpır. Rayon uzun illər boyu dövlətin ön cəbhədə simvolik dirəniş nöqtəsi idi; indi isə dövlətin yenidənqurma və sabitlik siyasətinin vitrininə çevrilir. Hər bir yeni məktəb, yol və ya sosial layihə bölgənin siyasi statu-sunu möhkəmləndirir. Tərtərin simasında dövlət mərkəzi səviyyədə elan etdiyi “Böyük Qayıdış” strategiyasını həm təhlükəsizlik, həm də inkişaf baxımından real praktikaya çevirir.
Gələcəyə baxdıqda aydın görünür ki, Tərtər Azərbaycanın regional siyasətində strateji mərkəz kimi mövqeyini gücləndirəcək. Bölgə artıq “müharibə cəbhəsi” anlayışından çıxaraq “sabitlik və inkişaf xətti”nin ayrılmaz hissəsinə çevrilir. Dövlət səviyyəsində həyata keçi-rilən “Böyük Qayıdış” proqramı, Qarabağın reinteqrasiyası və sərhəd xəttində yeni idarəçilik modelinin qurulması proseslərində Tərtər coğrafi yaxınlığı və sosial potensialı ilə mühüm dayaq nöqtəsinə çevrilib.
Bu mərhələdə xüsusi diqqət tələb edən amillərdən biri yerli icmaların və ziyalı təbəqənin proseslərə aktiv cəlb olunmasıdır. Tərtərdən çıxmış ziyalılar, müəllimlər, gənc tədqiqatçılar və ictimai fəallar həm bölgənin intellektual potensialını artırır, həm də dövlət siyasətinin yerli səviyyədə anlaşılmasını və dəstəyini təmin edirlər. Mərkəzdə formalaşan strategiyanın bölgədə uğurla tətbiqi üçün yerli təşəbbüslər və ictimai aktivlik mü-hüm əhəmiyyət daşıyır. Belə bir sinerji Tərtəri regional inkişafın canlı laboratoriyası kimi formalaşdırır.
Tərtərin gələcək inkişaf trayektoriyası həm də Azərbaycanın ümumi milli təhlükəsizlik arxitekturasına yeni məna qatır. Sabit və inkişaf edən region sosial bağların güclənməsi, informasiya mühitinin sabitləşməsi və uzunmüddətli siyasi legitimliyin dərinləşməsi de-məkdir. Dövlətin strateji maraqları ilə yerli icmaların həyat maraqları arasında uzlaşma yarandıqca, bölgə ölkənin təhlükəsizlik konsepsiyasında statik bufer zonası olmaqdan çıxaraq dinamik inkişaf mərkəzinə çevrilir.
Tərtərin simasında biz əslində müasir Azərbaycanın regional siyasətində mühüm dönüş nöqtəsini görürük. Bir vaxtlar artilleriya sədalarının simvolu olan bu torpaqlar indi yolların, məktəblərin, sosial layihələrin və gələcəyə yönəlmiş planların mərkəzindədir. Dəyişimin arxasında isə dərin strateji baxış dayanır: ölkənin sərhədləri yalnız hərbi xəritədə deyil, insanların gündəlik həyatında qorunur və möhkəmlənir.
Şəbnəm ZEYNALOVA,
Siyasi analitik,
siyasi elmlər üzrə fəlsəfə doktoru

