Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ramin Məmmədov Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarından olan vətəndaşlar dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın kitablarla təmin edilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
* * *
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhəri “Cümə” və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib. Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.
Komitə sədri qeyd edib ki, din insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə çağıran mənəvi dəyərlər sisteminin tərkib hissəsidir. Lakin bəzi dairələr dinin cəmiyyət üzərindəki təsir gücündən suiistifadə edərək onu qarşıdurma və parçalanma alətinə çevirməyə cəhd göstərirlər. Bu səbəbdən də, dini maarifləndirmənin gücləndirilməsi, sağlam dini düşüncənin formalaşdırılması müasir dövrdə xüsusilə önəm kəsb edir.
Görüş din xadimləri ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.