Havalar imkan versə, çəkilən zəhmət hədər getməyəcək
Dünən döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərən tərtərlilər bu gün əmək cəbhəsində fərqlənirlər. Hər qarış torpaq uğrunda müqəddəs savaşda tarix yazan, ölümsaçan güllələr, raketlər, artilleriya mərmiləri başlarına dolu kimi yağsa da, bir addım geri çəkilməyən tərtərlilərin 44 günlük müharibədə yaşadıqları hər gün gerçək bir qəhrəmanlıq dastanı idi.
Zəfərlə sonuclanan döyüşlərdə Ermənistan silahlı qüvvələri Tərtər şəhərinə və rayonun kəndlərinə minlərlə raket və artilleriya mərmisi atmış, nəticədə çox sayda yaşayış evləri, sosial obyektlər dağılmış, mülki insanlar həlak olmuş, rayon iqtisadiyyatına böyük həcmdə ziyan dəymişdir. O gərgin günlərdə Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Tərtərə səfər etmiş, vəziyyətlə yerində tanış olmuş, evləri dağılan ailələrlə görüşüb zəruri tədbirlər görmüşlər. Çətin, ağrı-acılı, eyni zamanda qürurverici günlər idi.
Yaylım atəşi kimi səslənən Qələbə nidasından bizi 5 il ayırır. İndi sarsılmaz xalq-dövlət birliyinin hədəfi müharibənin vurduğu yaraları sağaltmaq, ölkəmizin iqtisadi qüdrətini daha da artırmaq, insanların güzəranını yaxşılaşdırmaq, firavanlığını təmin etməkdir. Tərtərlilər canları, qanları bahasına qoruduqları torpaqları bu gün könül rahatlığı ilə əkib-becərirlər. Dövlətin ənənəvi kənd təsərrüfatı sahələrinin, o sıradan pambıqçılığın inkişafına dəstəyi Tərtər kəndlisinə də stimul verib. Son illər rayonun təsərrüfatlarında pambıqçılıq sahəsində böyük uğurlara imza atılır, yüksək məhsuldarlığa nail olunur.
Bu günlər rayonun təsərrüfatlarında məhsul yığımının qızğın çağıdır. Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün 2.668 hektara çiyid səpilib. Becərmə zamanı aqrotexniki qaydalara ciddi əməl olunmasının nəticəsidir ki, tarlalar bəyaz libasa bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş məhsulun tez və itkisiz yığılıb təhvil verilməsi üçün əmək ehtiyatları və texniki vasitələr səfərbər edilib. Məhsul yığımında texnikanın imkanlarından maksimum istifadə olunur. Habil İbrahimovun, Vidadi Vəliyevin, Sənan Qurbanovun, Firuz Rzayevin, Vaqif Balakişiyevin, Suliddin Ələkbərovun, Fazil Vəliyevin rəhbərlik etdikləri təsərrüfatlar yığımda daha çox fərqlənirlər. Bir çox fermerlərin nəticələri yüksəkdir – hər hektardan orta məhsuldarlıq 50-55 sentner!
İndi Tərtər kəndlisinin qayğıları xeyli yüngülləşib. Torpaqlarımız işğalda olan illərdə tərtərli əkinçilər həmişə su problemi yaşayıblar. Ermənilər suvarma suyuna daha çox ehtiyac duyulduğu yaz-yay aylarında Sərsəng və Suqovuşan su anbarlarının qapılarını endirir, qızmar günəş altında min hektarlarla bağ-bağçanı, taxıl zəmilərini, pambıq tarlalarını, bostan-tərəvəz sahələrini susuz qoyurdular.
Zəfər sayəsində Tərtər kəndlisinin bu problemi də həll oldu. Rayonun təsərrüfatları indi ehtiyac olan qədər su ala bilirlər.
Tərtərdə pambıqçılığın inkişafını stimullaşdıran bir əsas şərt də dövlətin ayırdığı subsidiyadır. Pambıqçılıqda ötən ilin nəticələrinə görə məhsul istehsalçılarına 1 milyon 376,7 min manat subsidiya verilmişdir.
Payızın qeyri-sabit keçən hava şəraiti müəyyən çətinliklər yaratsa da, pambıqçılar məhsul yığımı üçün əlverişli olan hər saatdan səmərəli istifadə etməyə çalışırlar. Hədəfə aparan yolda ilk addımlar inamla atılır. Günü-gündən yığım surəti artır. Bəyaz donlu tarlalarda hələ çox məhsul var. Pambıq boldusa kəndlinin qazancı da çox olacaq, güzəranı daha da yaxşılaşacaq. Qoy olsun!
Lazım QULİYEV,
“Azərbaycan”