Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,847
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    Tərtərlilərin fəxri, valideynlərinin Sevinci

    Prezident İlham Əliyevin 4 oktyabr 2025-ci il tarixdə imzaladığı Sərəncama əsasən, 2025-2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək. Həmin tələbələr arasında həmyerlimiz, Tərtər şəhər 5 saylı tam orta məktəbin məzunu Sevinc Əlizadə də var.
    Biz Sevinclə görüşəndə, hələ abituriyent idi. Tələbə adını qazanmaq üçün qarşıda onu çətin imtahan gözləyirdi. Ancaq çox rahat və özünə inamlıydı. Artıq yolun yarısını keçmişdi. Özü də böyük uğurla.
    Öyrəndik ki, Sevinc Əlizadə kiçik yaşlarından ömür yolunun memarı olmağa çalışıb. İllər ötdükcə qədəm qoyduğu cığırlar genişlənib və böyük bir yola çevrilib. Bu yolda ilk bələdçiləri olan valideynlərinin və müəllimlərinin hər sözünə, tövsiyəsinə diqqətlə yanaşıb, bunları gərgin zəhməti ilə birləşdirib və pillə-pillə ucalıb, nəinki təhsil aldığı məktəbdə, yaşadığı rayonda, eləcə də respublikada tanınıb, adı daim qaliblər sırasında çəkilib.
    Məktəb illərində o, üç dəfə tarix üzrə respublika fənn olimpiadasının finalçısı, XI sinifdə isə olimpiadanın gümüş mükafatçısı olub. IX sinfi fərqlənmə attestatı, XI sinfi isə “Xüsusi nümunəvi attestat” və qızıl medalla bitirib.
    İnşa yazı müsabiqələrində, məktəblər arasında keçirilən müxtəlif yarışmalarda dəfələrlə birinci olub. Sınaq imtahanlarında iki dəfə qızıl, bir dəfə gümüş sertifikat alıb.
    Bu uğurların hər biri onun gərgin zəhmətinin, vaxtı düzgün bölüşdürmək qabiliyyətinin, eləcə də özünə inamın, həyatda məqsədli olmasının nəticəsidir.
    Sevinc zəhmətinə böyük dəyər verdiyi müəllimlərinin adlarını da çəkdi. Ən çox sevdiyi tarix fənnini Elnur İsmayılovdan, ingilis dilini Nigar Məmmədovadan, riyaziyyatı Aidə Məmmədovadan öyrənib.
    Bütövlükdə isə, məktəb məzunlarının yüksək nəticələr qazanmasında, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında burada çalışan hər bir pedaqoqun, o cümlədən məktəbin direktoru Arzu Babayevanın payı var.
    Sevincin hər bir nailiyyəti həm məktəb, həm də rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu, onun məsuliyyətini daha da artırıb. İndi o, Sevinc Əlizadə olaraq, Dövlət İdarəçilik Akademiyasında qəhrəman şəhərimizi layiqincə təmsil edir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 08:57

İsmarıclar bağlıdır.