Doğma Dil, doğma Vətən, doğma Ana!
Bunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər.
Bizim dilimizin tarixi çox qədimdir. Bu dil türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dili bir, dini bir, soykökü eyni olan xalqlar qohum dil və ya qohum xalq adlanır. Bu qrupa Türkiyə türkcəsi, Azərbaycan, türkmən və qaqauz dilləri daxildir. Azərbaycan dili eramızdan əvvəl I minillikdə meydana gəlmiş, eramızın I minilliyində XVI əsrdə Şah İsmayıl Xətainin hakimiyyəti dövründə bir dil kimi formalaşmış və dövlət dili səviyyəsinə qədər yüksəlmişdir. Azərbaycan müstəqillik qazanandan sonra mərhum prezidentimiz Heydər Əliyev Azərbacan dilini dövlət dili elan etmiş və bu münasibətlə 2 dəfə fərman vermişdir. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir». Bu o deməkdir ki, dövlət orqanlarında yazılı və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır. Bu o deməkdir ki, dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra edəcəklər.
Respublikamızda dövlət dili ilə bağlı müxtəlif fərmanlar olub. 1919-20-ci illərdə Azərbaycan Cümhuriyyəti dilimizi öz ənənəvi adı ilə dövlət dili kimi işlətdi. Sovet çevrilişindən sonra 30-cu illərə qədər dövlət dili yenə türk dili adlandırıldı. 1936-cı ildən dövlət dili Azərbaycan dili adı ilə işlənməyə başlayır, həm də onun dövlət dili kimi işlənməsi formal səciyyə daşıyırdı, rəsmən dövlət dili sayılsa da, əslən dövlət idarələrində məhdud işlənirdi. Müstəqil Azərbaycan Respublikası yaranandan sonra 1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adında türk dili adlandırıldı. 1995-ci il 12 noyabrda qəbul edilmiş Konstitusiyada isə Azərbaycan dili adlandırıldı. 2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında», 2001-ci il avqust ayının 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında fərmanlar verildi. Daha sonra 2002-ci il sentyabr ayının 30-da 20 maddədən ibarət «Dövlət dili haqqında» qanun qəbul edildi. 2003-cü ilin yanvarın 2-də isə «Azərbaycan Respublikasında dövlət dili haqqında» fərman imzalandı. Mən də bu fərmandan ruhlanaraq öz dilini sevən bir Azərbaycan vətəndaşı kimi «Mənim dilim» adlı şeir yazdım.
İndi Azərbaycan dili müstəqil dövlət dilidir. Bu gün Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yük-sək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza, əzizimizə məhəbbətlə, sevgi ilə, düşmənimizə isə nifrətlə səslənən bir dildir. Ana dilimiz Azərbaycan xal- qının ən böyük sərvətidir. Bu dil Azərbaycan xalqı kimi daim var olacaqdır. Ana dili Azərbaycan xalqının varlığı, vüqarı, fəxr dünyasıdır. Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür:
- Əsl Azərbaycan sözləri
- Alınma sözlər
Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik və fellərin demək olar ki, hamısı) əsl Azərbaycan sözləridir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
- Ərəb və fars dillərindən alınma sözlər.
- Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Dilimizə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir. Məsələn: gül, bülbül, bahar, payız, dilbər və s.
Alınma sözlərin bir çoxunun dilimizdə qarşılığı vardır. Alınma sözlərdən elmi, qismən də, bədii və publisistik üslublarda termin kimi istifadə etmək mümkündür. Lakin danışıqda, məişət üslubunda onlardan istifadə olunmasına ehtiyac yoxdur. Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa gətirib çıxarır.
Ancaq bütün bunlarla yanaşı öz dilimizə xor baxan, dilimizi yad sözlərlə, kobud ifadələrlə nüfuzdan salmağa çalışan nankorlar da az deyildir. Sözləri düzgün, aydın, səlis ifadə edən, dilimizin saflığı uğrunda daim mübarizə aparan insanlarla yanaşı, sözləri düzgün tələffüz etməyən, ağzında əzib çıxardan, ədəbi dilin qaydalarını yerinə yetirməyən, öz dilini cılızlaşdıran üzdəniraq insanlara da rast gəlirik. Biz bu cür insanlara C. Məmmədquluzadənin ana dili haqqında dediklərindən sitat gətirib qürur hissi ilə deyirik ki, dövlətdən, naz-nemətdən başqa bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözümüz, ana dilimiz var. Gəlin onun qədrini bilək, yad ünsürlərdən qoruyaq.
Mərhum prezidentimiz Heydər Əliyev demişdir ki, hər bir xalqın milli mənsubluğunu, mədəniyyətini və incəsənətini inkişaf etdirən onun dilidir. Mən azərbaycanlıyam və mən öz dilimlə, azərbaycanlı olmağımla həmişə fəxr etmişəm.
Biz də azərbaycanlı olmağımızla fəxr edirik və doğma dilimizi çox sevirik. Biz bir də onunla fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan məhz Azərbaycan dilində məruzə və çıxışlar edir. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Bu dil əcdadlarımızdan bizə qalan mirasdır, ən dəyərli sərvətdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.
Xalidə Quliyeva,
R.Nuriyev adına şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi