SUVERENLİYİMİZ UĞRUNDA ŞƏHİD OLDULAR
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və 27 sentyabr–Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Evoğlu kəndində Vətən Müharibəsi şəhidləri Ceyhun Hacızadənin atası İfrayil Hacıyev, anası Qətibə Hacıyeva, Fuad Məhərrəmlinin atası Habil Məhərrəmov, anası Elza Məhərrəmova, Mürşüd Əhmədzadənin nənəsi Çiçək Əhmədova, Məftun Əhmədzadənin atası Seymur Əhmədov, anası Pərvanə Əhmədova, Rəşad Vəlizadənin anası Bəsti Həşimova və üçüncü dərəcəli Vətən Müharibəsi əlilləri Məhəbbət Niftalıyev, Nurlan Məhərrəmli ilə görüşüb.
Görüşdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsi üzrə rəis müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin rəisi Ağamoğlan İsmayılov, İƏD üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Görüşdə rayon rəhbəri tərəfindən şəhid ailələri və qazilər diqqətlə dinlənilib, onların qaldırdıqları məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
* * *
Rəşad Vəlizadənin anası Bəsti Həşimova deyib:
– Rəşad dünyaya gələndə arzu etdik ki, xeyirli övlad olsun. Onu bu istəklə böyütdük. Bilirdik ki, ümidlərimizi doğruldacaq. Ancaq bilmirdik ki, təkcə ailəmiz üçün yox, Vətənimiz, xalqımız üçün xeyirli övlad olacaq bizim Rəşad!
Bu, çox kədərli, eyni zamanda qürurverici hissdir. Qürur duyuruq ki, Azərbaycan Respublikasının Suverenliyinin, ölkəmizin ərazi bütövlüyünün bərpasında onun da payı var. Antiterror əməliyyatının uğurla başa çatmasında canından keçdi, ölməzlik qazandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırıqları əsasında Tərtər rayonunun rəhbəri Müstəqim Məmmədov, bütün rayon ictimaiyyəti bizi heç zaman tək qoymurlar. Daim yanımızda olurlar, qayğılarımızla maraqlanır, köməklik göstərirlər. 44 günlük Vətən müharibəsindən keçən 5 il və antiterror əməliyyatından ötən 2 il ərzində kiminin mənzil şəraiti yaxşılaşdırılıb, kimisi işlə təmin olunub. Bu, yalnız məişət qayğılarının həlli deyil. Bizlərə olan münasibəti övladlarımızın varlığı kimi qəbul edir, şəhidlərimizin qanı bahasına qurulan suveren ölkəmizlə fəxr edirik.