Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir neçə idarə və müəssisə rəhbəri ilə birlikdə bizim Qaradağlı kəndində şəhid valideynləri və qazilərlə görüş keçirdi. Qələbəmizdən ötən 5 il ərzində biz doğmalaşmışıq. Ona görə ki, şəhid ailələrinə səmimi yanaşılır, qaldırılan problemlərə operativ reaksiya verilir. Şəhidlərimizin yadigarlarına qayğı göstərilir.
Bununla belə, şəhid vallideynlərinin, övladlarının gözü daim yoldadır. Təsəllimiz budur ki, qəhrəman oğullarımız əbədiyaşarlıq qazandılar ki, Azərbaycanın bütün övladları dinc səma altında böyüsünlər, bir daha atəş səsləri eşitməsinlər.
Aslan Hüseynovun atası
Malik Hüseynov
Qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Bu günlər biz şəhid valideynləri üçün olduqca ağır, eyni zamanda qürurvericidir. Qəlbimizdəki dərdi, kədəri heç nə əridə bilməz, ancaq qayğı hiss edəndə, diqqət görəndə əmin oluruq ki, indi bizim övladlarımız yalnız öz ailəmizin deyil, Vətənin, xalqın oğullarıdır.
Dəmirçilər və Cəmilli kəndindən olan şəhid ailələri və qazilərlə keçirdiyi görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da bu fikirləri səsləndirdi. Görüşdə bizim ailə ilə yanaşı, Müzəffər Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Şahin İbrahimovun anası Könül İbrahimova, Anar İsaxlının atası Rəsul İsaxov, birinci dərəcəli Vətən müharibəsi əlilləri Rasim İsaxov və İlham Aslanov iştirak etdilər. Rayonun idarə və mü-əssisə rəhbərləri də görüşə gəldikləri üçün, qaldırdığımız hər bir məsələ dərhal nəzarətə götürüldü və qısa müddətdə həll olunması təmin edildi.
Doğma Azərbaycanımız şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edib və günü-gündən güclənir.
Biz 44 günlük Vətən müharibəsi günlərində də, bu gün də müzəffər Ali Baş Komandanımızın ətrafında “dəmir yumruq” kimi birləşərək, onu dəstəkləyirik. Azərbaycanın uğurları artdıqca, qürurumuz da artır.
Şamil İsmayıllının atası
Kamil İsmayılov