Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,783
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Avq

    Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

    1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

    Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

    Ulu Öndər Heydər Əliyev deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”

    Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

    Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Ölkə başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

     

    Müəllif: Redaktor, 16:12

İsmarıclar bağlıdır.