“Qərbi Azərbaycan irsi” kitabının təqdimatı və bütövlükdə bu irsin qorunması ilə bağlı mediamızın üzərinə böyük vəzifələr düşür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə III Şuşa Qlobal Media Forumundakı çıxışında deyib: “Bu gün Azərbaycan Mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir”.
“Qərbi Azərbaycan irsi”, I cild kitabının məqsədi də elə budur – bütün dünyaya mənfur ermənilərin əsl üzünü açıb göstərmək, onların bəd əməllərini ifşa etmək. Rayon qəzeti olaraq biz də bu vəzifəni fəaliyyətimizin əsas məqsədlərindən biri hesab edirik. “Yeni Tərtər”in saytının fəaliyyət göstərməsi də materiallarımızı daha geniş auditoriyaya çatdırmnaq imkanı yaradır.
Tərtər Qərbi Azərbaycandan müxtəlif illərdə zorla qovulmuş soydaşlarımıza ən çox qucaq açan rayonlardan biridir. Bunun bir səbəbi rayonumuzun gözəl iqlim şəraitidirsə, digər ən mühüm səbəb sakinlərimizin mehribançılığı və qonaqpərvərliyi olub. Beləliklə də ötən əsrin əvvəllərində burada İrəvanlı, Təzəkənd və digər kəndlərin təməli qoyulub, əsrin sonunda isə Qərbi Azərbaycandan deportasiya edilən insanlar Bəyimsarov kəndində məskunlaşıblar. Bundan başqa, hər bir kənddə və şəhərin özündə İrəvanlı məhəllələri var.
Rayon qəzetinin əməkdaşı olaraq uzun illər ərzində bu insanlarla görüşüb, qəzetimiz üçün materiallar hazırlamışıq. Hər dəfə də əmin olmuşuq ki, yurdundan uzaq düşən Qərbi azərbaycanlılar burada özləri üçün nə qədər yaxşı şərait yaratsalar da, ruhən hər zaman o dağlarda, doğulub boya-başa çatdıqları yerlərdə qalıblar. Ona görə də Qərbi Azərbaycana qayıdış onların mənəvi haqqı, milli hədəfin növbəti mərhələsidir.
Biz həmişə deyirdik ki, gün gələcək, Qarabağa dönəcəyik. Şükürlər olsun bu günü gördük. İndi də inanırıq ki, möhtərəm Prezidentimizin, dövlətimizin apardığı siyasət nəticəsində gün gələcək, Qərbi Azərbaycana soydaşlarımızın təhlükəsiz qayıdışı təmin ediləcək. Həyat göstərir ki, həqiqət hər zaman qalib gəlir. Allah bu günləri də görməyi bizə nəsib etsin.
“YENİ TƏRTƏR”