Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 iyul- Milli Mətbuatın 150 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyətinin inzibati binasında media nümayəndələri ilə görüş keçirib.
Görüşdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərən mətbuat işçiləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Rayon rəhbəri öz çıxışında əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışaraq bildirib ki, Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Beləki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu mətbuatın inkişafına ciddi təkan verdi.
Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir.
Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin bu diqqət və qayığsının nəticəsi idi ki, 2002-ci ildə O, “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Rayon rəhbəri qeyd edib ki, bu gün media ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatının inkişafı üçün göstərdiyi tarixi xidmətləri unutmur və hər zaman əziz xatirəsini hörmətlə yad edir. İcra başçısı öz çıxışında ölkə rəhbəri cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğını da dilə gətirib, media nümayəndələrinin 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıqdan, sözün həqiqi mənasında qələmləri ilə informasiya müharibəsində göstərdikləri şücaətlərindən danışıb.
Sonra “AZƏRTAC”ın bölgə müxbiri Tahir Ağaməmmədov, “Azərbaycan qəzetinin Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi müxbiri Lazım Quliyev, “İctimai” televiziyanın əməkdaşı Şöhrət Eyvazov, “AZTV”-nin əməkdaşı Elnur Tofiqoğlu, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Sonra bir qurup media nümayəndəsinə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Görüş nahar süfrəsi arxasında deavam etdirilib.