Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə milli mətbuatın 150 illik yubleyi münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında qəzetin kollektivi ilə görüşüb, onları peşə bayramları münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Çay süfrəsi arxasında keçən səmimi görüşdə rayon rəhbəri milli mətbuat haqqında yerli medianın nümayəndələri ilə fikir mübadiləsi edib.
Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.
Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbuat orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini vurğulayıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.
Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Ali Baş Komandanımızın dediyi kimi jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər.
Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisindəki rolundan danışıb. Media işçilərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.