Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,772
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23İyl

    İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir.

    Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

    Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq.

    Cənab prezident qeyd edib ki, ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş COP29 ölkədə ilin tədbiri oldu. Belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.

    2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.

    İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır.

    Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.

    Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

    COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik.

    Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.

    Cənab prezident həmçinin vurğuluyub ki, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk.

    Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək.

    Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır.

    Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.

    Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.

    Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə – Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

    Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar.

    Atamın vəsiyyətini yerinə yetirmək mənim üçün qürur mənbəyi idi.

    Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.

    Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir.

    Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur.

    Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

    Azərbaycan mediasının inkişafından da danışan ölkə başçısı bildirib ki, çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.

    Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.

    Bu gün “Böyük Qayıdış”la bağlı çox böyük işlər görülür. O ki qaldı, “Böyük Qayıdış”a, bunu demək üçün gərək biz ayrıca panel təşkil edək və mən təkcə bir neçə saat bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir – qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Ağdam-Xankəndi-Şuşa yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti iki-üç ayda hazır olacaq. Murov dağının altındakı tunelin uzunluğu, – təkcə bir tunelin uzunluğu, – 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yəqin ki, yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir – hər yerdə inşaat-quruculuq işləri, xəstəxanalar, evlər, yaşayış binaları.

    İnfrastruktur layihələrinin əksəriyyətini başa çatandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək.

    Dünən Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Yəni, bütün bunlar bilirsiniz, necə deyim, bizə bir möcüzə kimi gəlir, o cümlədən mənə. Halbuki yəni, sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, – yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, – burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.

     

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.