Yaşıllıq, səliqə-səhman insanların ruhunu oxşayır, ömrünü uzadır. “Konstitusiya və Suverenlik ili”ndə şəhərimizin hər yerində bu məqsədlə müntəzəm işlər aparılır, iməcilik aksiyaları keçirilir.
Bu cür iməciliklərdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak edirlər. Onlar şəhər ərazisində olan alaq otlarını biçərək təmizləyir, ağacların diblərini belləyərək yumşaldır, mövsümi budama işləri aparırlar. Eləcə də ağac və gül kolları suvarılır, ərazidə olan tullantılar toplanaraq götürülür, yeni gül kolları əkilir.
Gözəllik yaradılır, lakin gəlin etiraf edək ki, şəhər sakinləri olaraq, səliqə-səhmanın qorunmasına münasibətimiz kifayət qədər yax-şı deyil. Bu işə hər kəs can yandırmalı, böyüməkdə olan nəslə nümunə göstərməlidir. Yalnız birlikdə, təmizliyə olan münasibətimizlə, Tərtəri ən nümunəvi şəhərlərdən birinə çevirə bilərik.
“YENİ TƏRTƏR”