Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı deyib:
Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Prezident İlham Əliyev Şavkat Miromonoviçi öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edib.
Qeyd olunub ki, Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.
Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib.
Dövlət başçısı deyib:
– Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, – mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, – xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.
Bildirilib ki,biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq.
Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik.
– Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.
Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.
Prezident deyib ki, bu gün biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq.
Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir. Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada.
Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq.
Amma bu, indi təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var.
İki ölkə arasında müvafiq sənədlər imzalanıb.