Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib.
Dövlət başçısı deyib ki, bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür.
“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
Qeyd olunub ki, 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Prezident bildirib ki, Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurulub.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu.
2020-ci il iyunun 25-də – düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.
Bildirilib ki, bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər.
Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir – bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.
Qeyd olunub ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir.
Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik.
Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır.
Prezident bildirib ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.
Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq.
Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır.
Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.
Dövlət başçısı deyib ki, təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.