TARİXİ , ELMİ, HƏM DƏ İCTİMAİ ƏHƏMİYYƏT DAŞIYAN MƏSƏLƏ
XX əsrin sonlarına doğru Qarabağ bölgəsində baş verən sosial-siyasi dəyişikliklər fonunda müxtəlif simvolik və ideoloji mahiyyət daşıyan abidələrin inşasına start verilmişdir. Bu cür abidələrdən biri də hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində yerləşən və 1978-ci ildə inşa olunmuş “Marağa–150” memorialıdır.
Sözügedən abidə, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra İranın Marağa şəhərindən erməni əhalisinin Qarabağ ərazisinə köçürülməsinin 150 illik yubileyi münasibətilə inşa edilmiş-dir. Rəsmi baxımdan, abidənin məqsədi bu tarixi köç hadisəsini yad etmək olsa da, onun funksiyası yalnız xatirə xarakteri daşımamış-dır. “Marağa–150” memorialı, eyni zamanda, bölgədə erməni varlığının tarixi legitimliyini simvolik şəkildə təsdiqləməyə yönəlmişdir.
Abidənin ideoloji məqsədlərindən biri də XIX əsrdən etibarən Cənubi Qafqazda həyata keçirilmiş planlı erməni köçürmələrinin nəticəsində dəyişən etnodemoqrafik reallıqları tarixi hüquq iddiası şəklində təqdim etmək və bu köç proseslərini retrospektiv şəkildə əsaslandırmaq olmuşdur. Bu kimi təşəbbüslər sovet dövründə aparılan mədəni-siyasi ideoloji xəttin tərkib hissəsi olaraq qiymətləndirilə bilər. Belə abidələrin inşası vasitəsilə müəyyən qrupların bölgədəki mövcudluğunu daha qədim və təbii proses kimi göstərmək cəhdləri, tarix elmi baxımından ayrıca təhlil edilməli olan ciddi ideoloji strategiyalardır.
“Marağa-150″ abidəsi, bir tərəfdən ermənilərin Qarabağda varlığını simvolik olaraq təbliğ etməklə yanaşı, digər tərəfdən də süni tarix yaratmaq məqsədini güdür. Abidənin inşa olunması ilə erməni tərəfi, Qarabağda “yaşayış hüququ”nu tarixi faktlarla təsdiqləməyə çalışmışdır. Lakin bu yanaşma, əslində, tarixə və etnoloji tədqiqatlara tamamilə ziddir, çünki bu abidə, erməni köçünün yerli müsəlman əhalisinin haqqını pozan bir reallığı gözdən salır.
Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 m2 sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar Bulaq Başında” kompozisiyasından ibarət: eni 1.5 m, hündürlüyü 3 metrə qədər olan əsas abidədən 2.5 metr aralı sağ və sol tərəflərdə, hündürlüyü 1.2 metr mərmər sütun bulaqlardan, hündürlüyü 0.50 metr, uzunluğu təxminən 30 metrə qədər olan hasardan ibarətdir. Mərmər sütunların birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə qeyd olunan qaydada 1978 rəqəmləri yazılmışdır (Red. İ.Qasımovun qeydlərindən). Məlumatlara əsasən, abidənin qarşısında yerləşən çiy kərpicdən tikilmiş evdə o vaxt üçün kənd icra nümayəndəsi işləmiş Şura yaşayırdı. Abidənin ustalarından biri elektrik ustası Babkenin qonşusu “Qızılbarmaq” lə-qəbli Randik olmuşdur (əslən erməni idi.). Abidənin bu formada şəkli mərhum akademikimiz İman Mustafayev tərəfindən lentə köçürülmüş, təəssüflər olsun ki, 1988-ci ildən sonra, yəni 1991-ci ildə məlum hadisələrlə əlaqədar, ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək, abidənin ön divarında qırma ağ rəngli çay daşları ilə yazdıqları “Marağa 150” («Մարաղա 150») sözünü sökərək, “səhvlərini”, yəni tarixi həqiqəti yox etdilər.
Mənim fikrimcə, bura qədər olan məlumat hər bir vətənini sevən azərbaycanlıya məlumdur, çünki vətənini sevən hər bir şəxs gərək ilk öncə tarixini sevsin və öyrənsin.
Lakin, nəzərinizə başqa bir maraqlı faktı çatdırmaq istəyirəm, yuxarıda qeyd etdiyim «Marağa–150» («Մարաղա 150») abidəsi dağılmağa məruz qalmasına baxmayaraq, hal-hazırda mövcuddur. Abidənin dəmir-beton konstruksiyadan ibarət 1.30 metr hündürlüyündə, əsas hissəsi üzərində narıncı sarı rəngdə mozaika ilə işlənmiş kuzənin yarı hissəsinin qalıqları, həmçinin hasarların 17-18 metri qalmaqdadır Təxminən, Tərtər şəhərindən 20 dəqiqəlik yol məsafəsində yerləşir. Bu abidə barədə məlumat mərhum akademikimiz İman Mustafayevin çəkdiyi şəkillərə əsasən, Cəlal Əliyevin «Soyqırım və Deportasiya» əsərində və AMEA-nın Tarix İnstitutunun sabiq direktoru Yaqub Mahmudlunun Dağlıq Qarabağa həsr olunmuş məqalələrində və bir sıra digər materiallarda da öz əksini tapmışdır.
Analoji abidələr, yəni 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Azərbaycana köçürülməsini təbliğ edən və müəllifləri erməni olan abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kən-di ərazisində “Çaylı–150” və Ağdərə rayonunun İşıq idarəsinin yanında “Craberd 150” inşa olunmuşdur.
Hazırda sözügedən abidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında bərpa edilmişdir. Abidənin bərpası, onun həm ölkə vətəndaşlarına, həm də Azərbaycana səfər edən xarici nümayəndə heyətlərinə təqdim olunması məqsədilə həyata keçirilmişdir. Bu istiqamətdə müvafiq dövlət qurumlarına lazımi göstərişlər verilmişdir.
Bu abidənin ictimaiyyətə daha geniş təqdim olunması və beynəlxalq səviyyədə tanıdılması, Azərbaycan tarixinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır. Tarixi yaddaşın qorunması və etnomədəni irsin təbliği baxımından bu cür təşəbbüslər həm elmi, həm də ictimai əhəmiyyət daşıyır.
Türkan QASIMOVA,
Tarix üzrə fəlsəfə
doktorluğuna namizəd