Diqqət, zəhmət, məsuliyyət
BUNLAR OLAN YERDƏ QARA TORPAQ DA ÜZ AĞARDIR
Hətəm Əsgərov Tərtərin Kəngərli kəndindəndir. Bir əsrdən çox ömür yaşayıb. Elə indinin özündə də yaxşı hafizəsi var, çox gümrahdır. Hətəm kişi həm də maraqlı həmsöhbətdir. Gözünü açandan torpaqla ünsiyyətdədir. Elə sözü-söhbəti də bu barədədir–aqrar sahənin keçmişindən, bugünündən, gələcəyindən:
– Ötən əsrin 60-cı illərini yaxşı xatırlayıram. Kənddə yaşasaq da, ailələrimizi doyunca çörəklə təmin edə bilmirdik. Dolanışıq çox çətin idi. Şəhərlərdə ərzaq sarıdan vəziyyət daha acınacaqlıydı. Çünki respublikanın kənd təsərrüfatı bərbad gündəydi. Belə bir vaxtda – 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycana rəhbər seçildi. O zaman biz hələ bilmirdik ki, məhz həmin gün xalqımızın həyatında dönüş nöqtəsi olacaq.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələr üzrə misilsiz nailiyyətlər əldə olundu. Bu, xüsusən aqrar sektorda özünü göstərməyə başladı.
Respublikaya rəhbər seçildikdən az sonra, 1970-ci ildə Heydər Əliyev “Azərbaycan SSR-də kənd təsərüfatını inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu.
Bundan sonra kəndlərimizin iqtisadiyyatı, siması inanılmaz dərəcədə dəyişdi. Sanki insanların ruhu da təzələndi. İllərlə tarlada çalışıb yaxşı qazanc əldə edə bilməyən kənd adamları zəhmətlərinin bəhrəsini gördülər. Aqrar sahənin inkişafı kortəbii məcradan çıxaraq, elmi əsaslar üzərində qurulur, mexanikləşdirmə tətbiq olu-nur, suvarmada həyata keçirilən mütərəqqi üsullar səmərə verirdi. Nəticədə kənd təsərrüfatında məhsuldarlıq ilbəil artırdı.
Qaradağlı kəndinin sakini, o illərin şahidi olan Mətləb Nəcəfov deyir:
–Ötən əsrin 70-ci illərində anam kolxoz sədri işləyirdi, atam isə sürücü idi. Biz uşaqlar daim onların söhbətlərində Heydər Əliyevin adını eşidirdik. Anam bu barədə öz xatirələrində də danışır və deyirdi ki, Ulu Öndərin həyata keçirdiyi tədbirlərlə yanaşı, onun respublikada yaratdığı sağlam mənəvi mühit, kənd əməkçilərini həvəsləndirməsi, onlarla birbaşa pambıq tarlalarında görüşməsi ha-mıya qol-qanad verirdi. Anam pambıqçılıqda qazandığı uğurlarına görə “Volqa” markalı minik maşını ilə mükafatlandırılmışdı, “Əməkdar aqronom” fəxri adı almışdı. Eləcə də Heydər Əliyevin tapşırığı ilə digər pambıqçılar da qiymətli hədiyyələr alır, gəlirləri ildən-ilə artırdı.
Həyata keçirilən əsaslı tədbirlər nəticəsində Azərbaycan, o cümlədən bizim Tərtər rayonu 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandı. Bu, insanların dolanışığında da özünü göstərirdi. Bu gün də köhnə tərtərlilər deyirlər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə rayonun hər bir kəndində zəhmətkeşlər aldıqları illik qazanc ilə yaraşıqlı evlər tikdirir, minik maşınları alırdılar.
Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” regionların və aqrar sektorun inkişafında mühüm rol oynadı. Bundan sonrakı illərdə qəbul edilən analoji Proqramlar isə Azərbaycanda kənd təsərrüfatının elmi əsaslar üzərində inkişafını sürətləndirdi, sahibkarların səmərəli fəaliyyətinə şərait yaratdı. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, həmin məhsulların emalı, tədarükü və satışı diqqət mərkəzində saxlanılırdı, bu sahələr təkmilləşdirilirdi.
Dövlətimizin, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi qayğıdan bəhrələnən fermerlərdən biri də rayonumuzun Bəyim-sarov kəndindən olan “Tərəqqi” medallı Habil İbrahimovdur. O, doğma yurdunu tərk etməsindən ürək ağrısı ilə danışdı:
–Qərbi Azərbaycanda – Vardenis rayonunun Zər kəndində anadan ol-muşam. 1988-ci ildə ailəmlə birlikdə doğma yurdumuzdan qovulandan sonra, Tərtərin Bəyimsarov kəndində məskunlaşdıq. 14 yaşım vardı. Vəziyyətimiz çox çətin idi. Ermənilər valideynlərimin illər ərzində halal zəhmətlə qazandıqları mal-mülkü əlimizdən almışdılar. Həyata yenidən başladıq. Ulu Tanrı, bir də Azərbaycanda vətəndaşlara göstərilən qayğı, dəstək köməyimiz oldu.
İndi Habil rayonda tanınan sahib-karlardan biridir. Deyir ki, əvvəlcə az bir sahədə taxıl və pambıq əkib. İndi icarəyə götürdüyü və ailəsinə məxsus pay torpaqlarları ilə birlikdə 170 hektarda müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi, tədarükü və satışı ilə məşğuldur. Daim yeniliklərə can atan fermer təsərrüfatında iki pilot suvarma sisteminin tətbiqinə nail olub.
Bu ildən etibarən pambıq və qarğıdalı bitkilərinin becərilməsində Azərbaycan Dövlət Aqrar Unuiversiteti ilə birlikdə yeni pilot layihə həyata keçirir. Texnika elmləri doktoru, professor Ziyad Abbasov deyib ki, universitetin alimləri kənd təsərrüfatında innovativ üsulların tətbiqinə kömək etməklə, Tərtər rayonunun aqrar sektorunun gələcək inkişafına töhfə verəcəklər.
H.İbrahimovdan onu da öyrəndik ki, təsərrüfatı daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün 2012-ci ildə 500 başlıq iri südçülük-heyvandarlıq kompleksi yaradıb. Ki-çik emal müəssisəsi də var. Deyir ki, bu il Bakıda keçirilən XVIII Beynəl-xalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib. Hələlik ziyarətçi kimi. Amma əminəm ki, bundan sonra ölkəmizdə təşkil olunan kənd təsərrüfatı sərgilərində onun məhsulları da nümayiş etdiriləcək.
Son illər iqlim dəyişiklikliyi ilə əlaqədar aqrar sahənin qarşısında yeni vəzifələr dayanır.
Bununla bağlı Tərtər rayonunda da xeyli iş görülüb. Rayon icra hakimiyyətinin baş məsləhətçisi Natiq Musayevin verdiyi məlumata görə, Prezidentin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Tərtərdə suvarma prosesində innovasiyaların tətbiqinə başlanılmışdır. Hazırda Şıxarx qəsəbəsində yaradılmış Berton MMC-yə məxsus təsərrüfatda 345 hektar payızlıq arpa və 150 hektar kartof sahəsi müasir üsullarla suvarılır. Eləcə də Frutto-Aqro MMC-nin 255, Rayfrutto MMC-nin 91, Aqro-Pat MMC-nin 228, Tərtər-1 MMC-nin 42 hektar meyvə bağları müasir suvarma sistemləri ilə təchiz edilib.
Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları sıyahısına daxil edib.
Svetlana BAĞIROVA,
“Azərbaycan”