Hüseyn Süleymanlı 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatının iştirakçısıdır. O, 3-cü dərəcəli müharibə əlilidir. Hüseyn və onun döyüş yoldaşları elə bir nəslin nümayəndələridir ki, onların sayəsində torpaqlarımız işğaldan tamamilə azad edilib, suverenliyimiz tam bərpa olunub.
Bu günlərdə Hüseyn ailə həyatı qurub. Onun toy mərasimində ailə üzvləri ilə bərabər Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar iştirak ediblər.
Hər kəs cütlüyə xoş arzularını bildirib.
Göstərilən qayğıya görə təşəkkür edən Hüseyn Süleymanlı söyləyib ki, həyatda ən böyük xoşbəxtlik müstəqil və suveren bir ölkədə yaşamaqdır. Bir gənc olaraq bu müqəddəs missiyanın yerinə yetirilməsində onun da payı olduğu üçün özünü qürurlu hiss edir.
“YENİ TƏRTƏR”