90 YAŞLI MƏHİ BABA
İlk yaranmışlarımızdan üzü bəri ağsaqqal-ağbirçəklərimizə ehtiyac olur. Onlara daim hörmət və ehtiram edilir. Ocağımızın istisinin daha çox olması onların hesabınadır. Məclisimizin ən mötəbər yeri məhz böyüklərə məxsusdur. Xoş günlərimizin yaraşığı, dərdli anlarımızın ümid, pənah yeridirlər. Sözümüzün kəsəri, yolumuzun işığıdır ağıllı, tədbirli ahıllarımız, müdriklərimiz. Belə ahıllarımızdan biri də rayonumuzun sayılıb-seçilən ağsaqqallarından olan Məhiyyədin Kərimovdur.
O, Tərtərimizin qoynunda böyümüş, onun istisinə-soyuğuna vərdiş etmiş, ayını, ilini öz yurdunda ailəsinə, övladlarına həsr etmişdir. Ailəsinin bütövlüyünü heç nəyə dəyişməmiş, soykökünün müqəddəsliyini qoruyub saxlamışdır. Ömrünün ən müdrik yaşındadır bu el ağsaqqalı. 2016-cı il yanvarın 1-də 90 yaşına qədəm qoyub. Hər il təzələnəndə 2 oğlu və 2 qızı öz ailəsi, uşaqları ilə onun ətrafına toplaşıb həm yeni ili, həm də ad gününü qeyd edirlər. Bu gün onun 13 nəvəsi, 17 nəticəsi var. Onların hər birinin sevimlisidir Məhi baba. Övladları bir yerə toplaşanda ömür-gün yoldaşı Əfruz xala ilə birgə keçdiyi həyat yolundan, vətənə, torpağa vurğunluğundan, dövlətimiz və dövlətçiliyimizə sadiqliyindən, dinimizin, adət-ənənələrimizin müqəddəsliyindən ürəkdolusu və fəxrlə söz açır.
Mən də bu söhbətləri eşidib, qulaq asanlardan biri oldum. Bu müdrik insanın söylədiklərini açıqlamağı özümə borc bildim.
Məhi baba vaxtı ilə, yəni 1924-cü ildə atasının və əmisinin birgə tikdirdiyi (indiki texniki peşə məktəbinin həyətindəki binada) Şekayım kəndli-gənclər məktəbinin 3-cü sinfini 1936-cı ildə bitirib. Daha yaxşı təhsil alması üçün valideynləri onu Gəncə şəhərində məktəbə qoyurlar. Lakin bir-iki ay çəkmir ki, gözləri tutulur. Həkimlərin məsləhəti ilə yenidən doğma rayonumuza qayıdır. Təhsilini 3 nömrəli məktəbdə (indi Q.Mehdiyev küçəsindəki yaşayış evi) 4-5-6-cı sinifləri bitirib. Ağlı-düşüncəsi ilə o zamanın savadlılarından, dünyagörüşlülərindən biri olub. İşlədiyi hər yerdə bacarığı ilə fərqlənib. Onun əmək kitabcasında bir neçə təşkilatın adı sıralanıb. Sığorta idarəsində, rayon bankının kredit şöbəsində, rayon icraiyyə komitəsində, tikinti idarəsində, məişət xidməti kombinatında çalışıb. Hər birində də özünə layiqli hörmət qazanıb, hamının sevimlisi olub.
Bu gün isə sayılıb-seçilən bir el ağsaqqalıdır. Onun yaddaşında tariximizi əks etdirən çoxlu faktlar yaşayır. Söz dü-şəndə onları həvəslə hər kəslə paylaşır. Bizimlə söhbətində xatirələrindən bir neçəsini açıqladı. Birincisi onu bildirdi ki, bəylər-xanlar dövründə Cahangir xan bu bölgənin ən varlı xanı idi. Ağdam, Ağdərə, düz Xoruzlu kəndinə və İncə-çayına qədər onun torpaqları sayılırdı. Hər kəs xana bir söz deyə bilməzdi də, amma Qaçaq Şahmalının sözü onun yanında keçərli olurdu. Şahmalının yolu Cahangir xanın yanına düşəndə mütləq onun malından, varından alıb gəti-rib kasıb-kusuba paylayarmış. Əgər Şahmalı kiminsə evinə getmək istəsəydi, əvvəlcə ora 2 qoyun göndərirdi ki, ev sahibi xərcə düşməsin.
Məhiyyədin Kərimov Qarabağın Qaçaq Şahmalısından maraqlı bir epizod da söylədi. Bildirdi ki, o zamanlar Mir-cəfər Bağırov Qaçaq Şahmalı ilə görüşmək qərarına gəlir. Onların görüşü alınır. Görüş zamanı Bağırov Şahmalıya bildirir ki, sən mərd adam-san, mənim sənə yazığım gəlir, səni öldürəcəklər. Gəl səni hansı rayona istəyirsən ora polis rəisi göndərim. O, razılaşmır və qarşılığında (ona seyid deyərmiş) :
–Seyid, ayağa dur! Oturdu-ğun yerdən belə keç!–söyləyir.
Bağırov da onun xətrini istədiyindən ayağa qalxaraq oturduğu yerdən aralanır. Şahmalı o zaman söyləyir ki, indi mənə nə desən inanaram, amma stol arxasında inanmıram. Onsuz da sən də məhv olacaqsan , mən də məhv olaram.
Söhbət xeyli davam etsə də Şahmalı Bağırovun dediklərini qəbul etmir (Şahmalı daim qırx atlı ilə gəzərmiş) və görüşdükləri yerdən uzaqlaşır.
Məhiyyəddin Kərimovun rayonumuzun keçmişini, o zamankı insanlarının həyatını əks etdirən xatirələri çoxdur. Onun söhbətlərinə saatlarla qulaq asmaq gərəkdir. Bu bizim hər birimizə keçmişimizi yaxşı tanımaq imkanı verir. Allah böyüklərimizi həyatımızdan əksik etməsin. Elə sizi də, Məhi baba. Arzu edirəm ki, elə 100 yaşında da belə gümrah və sağlam olasınız.
Elfuzə Vəliyeva