Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir.
Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu.
O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, – Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.
Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır.
Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.
Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik.
Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik.
Qeyd olunub ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır.
Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.
Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir.
Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.
COP29 haqqında danışarkən Prezident İlham Əliyev onun həqiqətən də uğurlu olduğunu qeyd edib.
Bu tədbirin “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır.