Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
Qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam bərpa olunub.
Sonra tədbir iştirakçılarına Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub.