Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,716
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22May

    Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkəsi kimi Aİ üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi regional və qlobal enerji təhlükəsizliyindəki artan rolu ilə daha da əhəmiyyətli olub. Artan əhəmiyyətin əsas səbəbi Azərbaycanın enerji bazarlarına inteqrasiyası və Aİnin enerji şaxələndirmə siyasətində oynadığı açar roludur. Aİnin enerji təhlükəsizliyi və şaxələndirmə strategiyalarının tərkib hissəsi olan Azərbaycan, həmçinin yaşıl enerji sahəsindəki təşəbbüslərlə bu əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.
    Azərbaycanla Aİ arasındakı əlaqələr 1996-cı ildə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə hüquqi əsasını tapmışdır. 2006-cı ildə “Enerji Memorandumu”nun imzalanması isə Azərbaycanın Aİ üçün strateji enerji tərəfdaşı olaraq mövqeyini təsdiqlədi.
    Azərbaycanın Avropa üçün enerji əhəmiyyətini müəyyən edən əsas amil onun zəngin qaz ehtiyatları və Avropa ilə daha dayanıqlı enerji əlaqələri qurma potensialıdır. Bu baxımdan, Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın Avropanın enerji bazarına inteqrasiyasının əsas elementi kimi ön plana çıxır. CQD Avropanın enerji mənbələrini şaxələndirmək və Rusiya asılılığını azaltmaq məqsədini güdür. Bu məqsədlə Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya qədər nəql olunur. Cənub Qaz Dəhlizi layihəsinin mühüm komponentlərindən olan Şah-dəniz-2, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Azərbaycan qazı ilk dəfə 2020-ci ildə birbaşa Avropaya çatdırılmağa başlandı ki, bu da Azərbaycanın Avropadakı enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə həyata keçirdiyi mühüm bir addım oldu və ölkənin enerji diplomatiyasında yeni bir mərhələyə qədəm qoyuldu.
    Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən etibarlı təchizatçı olmaqla yanaşı, eyni zamanda qlobal enerji keçidinə töhfə verən və yaşıl enerjinin inkişafını dəstəkləyən mühüm strateji tərəfdaş kimi çıxış edir. Geosiyasi və iqtisadi ssenarilərin sürətlə dəyişdiyi, enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycanın Avropa İttifaqı ilə qurduğu enerji əməkdaşlığı yalnız regional deyil, qlobal miqyasda da strateji əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində Azərbaycan, təkcə təbii qaz ixrac edən ölkə kimi deyil, həm də enerji diplomatiyasını müasir çağırışlara uyğunlaşdıran çevik və proaktiv aktor kimi tanınır.
    TAP layihəsinin reallaşması ilə Azərbaycan qazı ilk dəfə olaraq birbaşa Avropaya, xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstan bazarlarına daxil oldu. Hazırda Azərbaycan təbii qazı 8 Aİ üzv dövlətinə nəql olunur. Bununla yanaşı, Azərbaycan qazına maraq göstərən digər Avropa ölkələrinin sayı da artmaqdadır.
    Azərbaycanla Aİ arasında bu əməkdaşlıq yalnız Aİnin enerji təminatını şaxələndirmək və Rusiya qazından asılılığı azaltmaq məqsədi daşımır. Bu əməkdaşlıq həm də daha geniş – strateji və davamlı enerji keçidi məqsədlərinə xidmət edir. Avropa İttifaqı 2050-ci ilə qədər iq-lim neytrallığına nail olmaq, karbon emissiyalarını kəskin azaltmaq və yaşıl enerji iqtisadiyyatına keçidi sürətləndirmək kimi fundamental hədəflər irəli sürmüşdür ki, bu kontekstdə Azərbaycan, yalnız təbii qaz təchizatçısı deyil, həm də bərpa olunan enerji sahəsində potensial tərəfdaş kimi önə çıxır.
    Azərbaycanın zəngin külək və günəş enerjisi resursları, xüsusilə Xəzəryanı bölgədə və Qarabağ–Zəngəzur iqtisadi zonasında genişmiqyaslı yaşıl enerji layihələrinin icrasına imkan verir. Aİ ilə əməkdaşlıq bu sahədə də genişlənməkdədir. Azərbaycanın 2030-cu ilə qədər 30 faizlik bərpa olunan enerji hədəfi Avropa İttifaqının “Yaşıl Razılaşma” strategiyası ilə üst-üstə düşür və tərəflər arasında bu istiqamətdə də sinxron fəaliyyətin mümkünlüyünü göstərir.
    Bununla yanaşı, Azərbaycan enerji səmərəliliyi, rəqəmsal enerji idarəçiliyi və infrastruktur modernləşməsi sahələrində də Aİ təcrübəsindən faydalanmaqda maraqlıdır. Trans-Avropa Enerji Şəbəkələri və digər Avropa təşəbbüslərinə inteqrasiya Azərbaycanın enerji sisteminin Avropa enerji bazarları ilə daha sıx və dayanıqlı əlaqələndirilməsini təmin edə bilər. Azərbaycan xüsusən də yeni enerji texnologiyaları və innovativ həllərin tətbiqi sahəsində Aİ ilə sıx əməkdaşlıq edir. Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi həm ölkənin iqtisadi inkişafına, həm də regional və beynəlxalq enerji bazarlarında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu proses, həmçinin Aİnin rəqəmsal və ekoloji məqsədləri ilə uyğunlaşır. Aİnin enerji infrastrukturuna dair təcrübəsi və inves-tisiyaları Azərbaycanın enerji sahəsindəki innovasiya potensialını daha da artırmaqda mühüm rol oynayacaq.
    Azərbaycanın enerji diplomatiyası, həmçinin regional əməkdaşlıq və beynəlxalq platformalarda mühüm təsirə malikdir. Azərbaycanın enerji resurslarının Avropaya ixracı həm də Cənubi Qafqaz və Xəzər regionunun enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan, Azərbaycanın Avropa ilə enerji diplomatiyasının gələcəyi həm də qlobal enerji bazarında yeni dinamikaların formalaşmasına təsir edəcəkdir.
    Nəticə etibarilə, Azərbaycan–Aİ enerji əməkdaşlığı təkcə bugünkü enerji ehtiyaclarını qarşılamaq üçün deyil, həm də qlobal enerji siyasətinin gələcəyini formalaşdırmaq baxımından əhəmiyyətlidir. Azərbaycanın sabit və etibarlı tərəfdaş kimi imici onun diplomatik və iqtisadi təsir imkanlarını artırmaqla yanaşı, Aİnin enerji təhlükəsizliyi və iqlim məqsədlərinə doğru atdığı addımlarda mühüm rol oynayır.

    Şəbnəm ZEYNALOVA,
    Siyasi elmlər üzrə fəlsəfə doktoru
    .

     

    Müəllif: Redaktor, 14:22

İsmarıclar bağlıdır.