ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUR
Bu günlərdə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Əskipara kəndində şəhid Ayşad Əzizovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Ayşad Əzizov 5 sentyabr 1990-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ayşad Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, atası Elşad Babayevi 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Əskipara kəndində birinci Qarabağ müharibəsi şəhidi Nuru Abbasovun ailəsində olub, ailənin qayğıları ilə maraq-lanıb, Vətənə Nuru kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Görüşdə Vətən müharibəsi şəhidi Ayşad Əzizovun atası Qaryağdı Əzizov, Vətən müharibəsi qazisi Nahid Qasımov, Birinci Qarabağ müharibəsinin şəhidləri Tofiq Quliyevin övladı Əvəz Quluzadə və Vüqar Cəfərovun övladı İlqar Cəfərli iştirak ediblər.
Qeyd edək ki, Abbasov Nuru Qaraş oğlu 1974-cü il iyun ayının 13-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Orta təhsilə həmin kənddə başlamış, 96 saylı Texniki Peşə Məktəbində başa çatdırmışdır. Həzi Aslanov adına kolxozda əmək fəaliyyətinə başlamışdır. 1993-cü ilin iyul ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi N saylı hərbi his-sənin əsgəri kimi Füzuli bölgəsində Kürmahmudlu, Korlar, Alxanlı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il mart ayının 22-də Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
Subay idi.
Əskipara kənd qəbiristanlığında dəfn edilib.