Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə Vətən müharibəsi iştirakçıları Elvin Məhərli və Şamxal Rəfizadə müharibə ilə bağlı təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolu barədə gənclərə məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün dünyada ən güclü ordulardan biridir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz cəmi 44 gün ərzində düşməni məğlub etdik, diz çökdürdük. Təsadüfi deyil ki, Ordumuzun keçdiyi döyüş yolu, müharibə taktikası hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində öyrənilir.
Elvin Məhərli və Şamxal Rəfizadə bildiriblər ki, Vətəni sevmək üçün mütləq bunu döyüş meydanında nümayiş etdirmək lazım deyil. Hər kəs təhsilində, işində, davranışında, ailəsinə münasibətində vətənpərvər olmalı, milli-mənəvi dəyərlərimizi qorumalıdır.
Sonda qonaqlar gənclərin suallarını cavablandırıblar.
Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, müsbət mənəvi keyfiyyətlərin aşılanmasıdı.
“YENİ TƏRTƏR”