İndi isə həmin günlərdən kənd camaatına yalnız
acı xatirələr qalıb, hamı təsərrüfat işləri ilə məşğuldur
Teyyub kişi pambıq sahəsinə çatanda, səhər saat 6 olardı.Uzun illərdi ki, o, belə adət etmişdi. Əslində səhər saatlarında başlanılması elə bir iş də yox idi. Hər şey qaydasındaydı. Bitiş yaxşı alınmışdı. Körpə bitkilər sıra ilə düzülərək ürəkaçan qəribə bir mənzərə yaratmışdı. Teyyub kişi başını qaldırıb göyün üzünə baxdı. Qara buludlar yağış yağacağından xəbər verirdi.
“Təki belə buludlar olsun, bolluq-bərəkət rəmzi olan buludlar”, – deyə Teyyub kişi düşündü. “Yaxşı ki, üstümüzdən o biri qara buludlar götürüldü”, – deyə fikrindən keçirdi. Beş il əvvəl kənd sakinləri beləcə sahəyə gəlib, əkin-biçin işlərilə məşğul olmağı heç xəyallarına gətirə bilməzdilər. Dərhal düşmən gülləsinə tuş gəlmək ehtimalı vardı. 30 ildən çox bir müddətdə insanlar hər cür əziyyətə, təhlükəyə tab gətirdilər. Ya-ralandılar, şəhid oldular, ancaq doğma ocaqlarını tərk etmədilər.
Baxmayaraq ki, Qapanlı kəndi düşmənlə təmas xəttinə güllə məsafəsi qədər yaxın idi.
Tərtərin Qapanlı kəndinin sakini Teyyub Cəfərov deyir:
–Uşaqlıqdan təsərrüfatla məşğul olmuşam. İxtisasca da aqronomam. Kolxoz dövründə pambıqçılıq briqadiri işləyirdim. Ancaq pay torpaqlarımızı alandan sonra onu ürəkli əkib becərə bilmədik. Qonşuluğumuzda yaşayan ermənilər buna heç cür imkan vermirdilər.
Ordumuz torpaqlarımızı onlardan təmizləyəndən sonra, Qapanlı kəndinin camaatı da rahatlıq tapdı. İndi hər kəs öz torpağını əkib-becərir və zəhmətinin bəhrəsini görür, evinə, ailəsinə qazanc gətirir.
Teyyub kişi cari il 4 hektarda pambıq əkib. Yaxşı bitiş alınıb. Hazırda əllə ketmənləmə işləri başa çatıb. Bundan sonra isə sahələrə kultivasiya çəkilir. O, ilin uğurlu olacağına əmindir:
–Təsərrüfat ili necə başlayırsa, sonda nəticələr də elə olur. Şükür, bu il əvvəldən yaxşı başladı. Yağışlar çox oldu. Ötən il çox çətin bir il olmasına baxmayaraq, hər hektardan 46,6 sentner təmiz çəkidə pambıq götürdüm. Çalışıram bu il də məhsuldarlıq yüksək olsun.
Qeyd edək ki, müharibədən əvvəlki illərdən fərqli olaraq, indi Qapanlı kəndinin əkinçiləri su-varmada artezianlarla yanaşı, həm də Suqovuşan Su Anbarından gələn sudan istifadə edirlər.
Bütövlükdə cari il Tərtər rayonunda 2800 hektardan çox sahədə pambıq əkilib. Məhsulun becərilməsi ilə bağlı fermerlər 3 şirkətlə müqavilə bağlayıblar. Bunlar “Prime colton” MMC, “Azərpambıq” ASK MMC və “Elakoton” MMC-nin Tərtər rayon filiallarıdır. Cari ildə ən çox müqavilə “Prime colton” MMC-nin rayon filialı ilə bağlanıb. Müqaviləçilərin sayı 310 nəfərdir. 215 fermer “Azərpambıq ASK” MMC-nin Tərtər filialı, 2 istehsalçı isə “Elakoton” MMC-nin filialı ilə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər.
Fermer Nadir Kərimov deyir ki, “Prime colton” MMC-nin əməkdaşları və pambıqçılıq üzrə mütəxəssisləri yerlərdə torpaq mülkiyyətçilərini lazımi texnika, çiyid və dərman vasitələrilə təmin edir, eləcə də məsləhətlər verir, aqrotexniki tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olurlar.
Nadir Kərimov:
– Pambıq bitkisi daimi diqqət və qayğı sevir. Odur ki, torpaq şumlanandan məhsul yığılanadək sahədən ayrılmaq olmaz. Bizimlə bərabər şirkətin mütəxəssisləri də işlərin gedişinə nəzarət edirlər ki, zəhmətimizin əvəzində əlimiz boşda qalmasın. Mövsümi işlər başlayandan hamı bildirir ki, bolluq olacaq. Biz də bu amalla çalı-şırıq.
Pambıq bitkisindən əlavə rayonda 7341.23 hektarda payızlıq əkinlər səpilib. Bundan 3679.2 hektarı arpa, 2866. 6 hektarı buğda, 103 hektarı xəsil üçün arpa, 645 hektar təzə yonca, 46.43 hektarı yerköküdür .
Sahələrdə vegetasiya suyu aparılmış, yemləmə gübrəsi verilmiş, siçanabənzər gəmiriçilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür.
Rəcəbli kəndinin sakini, taxılçılıq üzrə fermer Vüsal Mirzəyev deyir:
– Ötən təsərrüfat ili buğda istehsalçıları üçün çox çətin oldu. Bunun bir səbəbi qeyri-sabit hava şəraiti, digər səbəb isə siçanabənzər gəmiriçilərin həddindən çox olması idi. Buna baxmayaraq, hər hektardan 35 sentner məhsul götürdüm. Cari ildə isə 5 hektarda taxıl becərmişəm. Şükür, vəziyyət yaxşıdır. Gəmiriçilər də, demək olar ki, yoxdur. Artıq sümbüllər dənə dolur. Bu mənzərə insanda xoş əhval-ruhiyyə yaradır.
Tərtər rayonunun təsərrüfatlarında yazlıq bitkilər, o cümlədən dən üçün sorqo, təzə yonca, günəbaxan, kartof, tərəvəz və digər birkilər əkilib. İlıq yaz günlərində əkinçilər sahələrə çıxıb böyük ümidlərlə, həvəslə çalışırlar. Onlar mütərəqqi texnologiyaları tətbiq edərək məhsuldarlığı artırır, həm də əl əməyini yüngülləşdirirlər. Elmi nailiyyətlər ən ucqar kəndələrə də ayaq açıb, həyatımızı dəyişdirir. Bu, yeni dövrün tələbidir və zaman keçdikcə, fermerlər mütərəqqi üsulların tətbiqinə daha böyük üstünlük verirlər.
Lazım QULİYEV,
“Azərbaycan”