07 may 2025-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon təşkilatının və Qarabağ Regional Təhsil İdarəsi Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin qarşısında müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında Ulu Öndərə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Təhsil İdarəsi Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, müəllim və şagirdlər iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı və müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi olması və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasının məhz Ümummilli Lider tərəfindən qoyulması ilə bağlı məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müsabiqə iştirakçılarını salamlayaraq, onlara Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verib. 2025-ci ilin respublika prezidentinin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirən rayon rəhbəri müstəqil Azərbaycanın ilk konstitusiyasının məhz Heydər Əliyevin təşəççüs və rəhbərliyi ilə hazırlanıb referendum yolu ilə təsdiq olunmasından, 12 noyabrın Ulu öndərin fərmanı ilə “Konstitusiya günü” kimi qeyd edilməsindən də danışıb və Heydər Əliyev irsinin nəsillərə bir nümunə olduğunu bildirib. Rayon rəhbəri Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən respublika prezidenti cənab İlham Əliyevin komandanlığı ilə torpaqlarımızın işğaldan azad edidiyini, suverenliyimizin bərpa olunduğunu da xüsusi vurğulayıb və məktəblilərə müsabiqədə uğurlar diləyib.
Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Təhsil İdarəsi Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev də məktəblilərə müsabiqədə müvəffəqiyyətlər arzulayıblar.
Sonra tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto şəkillərə, kitab sərgisinə və məktəblilərin çəkdikləri rəsmlərə və əl işlərinə baxıblar.
Sərgidə ümumtəhsil məktəblərinin şagirdlərinin 73 rəsm və 47 əl işi nümayiş olunub.
Müsabiqənin qalibləri təltif ediləcəklər.