Bu bahar günlərində qəhrəman Tərtər şəhərində, böyük şəxsiyyət, dünyaşöhrətli alim, qayğıkeş və mehriban həyat yoldaşı və ana Zərifə xanım Əliyevaya həsr olunmuş tədbirin keçirilməsi rayon sakinləri üçün, xüsusilə vaxtilə Zərifə xanım Əliyeva ilə eyni dövrdə yaşamış insanlardan ötrü olduqca xoş oldu.
Qonaqlarımızın da qeyd etdiyi kimi, müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə olunan zəfərimizdən sonra tərtərlilərin həyatı və rayonumuzun siması tamamilə dəyişib. Hər kəsin, xüsusilə qadınlarımızın ən çox arzuladığı sülh və əmin-amanlıq bərqərar olub. İnsanlar rahatdırlar, sabahkı günə əminlik var. Ulu Öndərimizin, Zərifə xanımın ruhları şad olsun, Allah Prezidentimizi qorusun, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin.
Zərifə xanım Əliyevanın adı çəkiləndə, ilk olaraq fikrimizə gələn sözlər nurdur, işıqdır. Təkcə ona görə yox ki, o, insanların gözünə nur bəxş edirdi. Zərifə xanım yaşadığı şərəfli ömrü ilə xal-qımızın həyatını günəş kimi isidirdi, işıqlandırırdı və o günəş bu gün də parlamaqdadır.
Əsl Azərbaycan qadını, neçə-neçə nəsil qadınlarımıza gözəl nümunə, örnək olan Zərifə xanımın həyatının hansı bir tərəfinə nəzər salsaq, böyük fədakarlığın, yorulmazlığın, sadəliyin, humanizmin şahidi olarıq.
Hamımız yaxşı bilirik ki, ən dahi şəxsiyyətlərin həyatda uğur qazanmasının böyük ağırlığı onun yanında olan qadının çiyinlərinə düşür. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərimizin ömür-gün yoldaşı məhz Zərifə xanım Əliyeva olub. Bu ailədəki hüzur, mehribançılıq, bir-birinə qarşı qayğıkeşlik onları həm ailədə, həm cəmiyyətdə xoşbəxt edib və Ümummilli Liderimizə tale tərəfindən yazılmış nəhəng missiyanı şərəflə yerinə yetirməyə kömək olub.
Azərbaycanda ailə bağları həmişə müqəddəs hesab edilib. Ulu Öndərimizin ailəsi bunun ən gözəl nümunəsidir.
Təsadüfi deyil ki, hamımızın fəxri, qüruru olan müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz belə bir ailədə dünyaya gəlib, böyüyüb və valideynlərinin yolu ilə gedərək, ümumxalq məhəbbətini qazanıb. Azərbaycan xalqının belə bir Liderinin olması Zərifə xanımın ən böyük xidmətlərindən biri, bir valideyn kimi onun xoşbəxtliyin ən yüksək zirvəsinə çatmasıdır.
Zərifə xanım o insanlardandır ki, yalnız öz ailəsi üçün yaşamayıb. Onun Azərbaycan tibb elminin inkişafı üçün, cəmiyyətimiz üçün elədiklərini saymaqla qurtarmaz. O, elmi araşdırmalar aparır, öz biliyini sonsuz bir fədakarlıqla gənclərə öyrədir, insanları müalicə edir, səmərəli ictimai fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunu yüksəklərə qaldırırdı. Bütün bunların bir insan ömründə birləşməsi möcüzədir. Zərifə xanım Əliyevanın həyatı məhz belə bir möcüzədir.
Zərifə xanımdakı yüksək mənəvi dəyərlər gənc qızlarımız üçün sözün həqiqi mənasında bir həyat məktəbidir. Ondan öyrənmək, görüb-götürmək hər bir qadın üçün son dərəcə faydalıdır. Bir günəş ömrü yaşamış Zərifə xanımın həyatı ömür-gün yoldaşına sədaqətin, sonsuz etibarın, övladlarına dünya durduqca yetəcək ana məhəbbətinin nümunəsidir.
Svetlana BAĞIROVA