Qərbi Azərbaycan əsilli şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qərbi Azərbaycan əsilli şəxslərin, habelə əvvəlki dövrlərdə köçürülmüş ailələrin nümayəndələrinin müəyyən edilməsi, onların adlı siyahılarının dəqiq tərtib olunması, eyni zamanda Ermənistan SSR tərəfindən həmin şəxslərə və ailə üzvlərinə verilmiş sənədlərin surətlərinin toplanması işinin təşkili ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirib.
Görüşdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edən Ruslan Allahverdiyev, statistika, qeydiyyat və arxiv idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli strukturlarının əməkdaşları, Qərbi Azərbaycan İcmasının özəkləri, habelə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək bildirib ki, tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiya cinayətləri nəticəsində yüz minlərlə soydaşımız Azərbaycana pənah gətirərək ölkəmizin müxtəlif yaşayış məntəqələrində, o cümlədən Tərtər rayonunda məskunlaşmışdır.
Azərbaycanlılara qarşı 1905-1906-cı illərdə törədilən qırğınların, 1918-1920-ci illərdə soyqırımın, 1948-1953-cü illərdə deportasiyanın, 1987-1991-ci illərdə etnik təmizləmənin izlərini bu gün daha dərindən araşdırmaq və dün-ya ictimaiyyətinin diqqətinə çatdırmaq, baş verən cinayətlərin miqyasını daha dəqiq öyrənmək, eləcə də onların pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə tədbirlər görmək məqsədilə ölkəmizdə aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək, siyahıların hazırlanması və bir daha dəqiqləşdirilməsi üçün hazırlanmış təlimatı işçi qrupunun üzvlərinin diqqətinə çatdırıb.