Mayor Baxış Baxışlı: O, bir möcüzəydi, bu dünyaya gəldi, getdi…
8 iyun 2024-cü il, adi bir yay günü idi. Bürkülü hava insanları tıncıxdırmışdı. Onlar göyün üzündəki qara buludlara baxıb, yağışın yağmasına sevinirdilər.
Mayor Baxış Baxışlının ailəsində isə vəziyyət fərqliydi. Hər şey – havanın dəyişməsi, yağan yağış, şimşəyin çaxması, əsən külək onların fikirlərini quş qanadlarına alıb, Lənkərana, Astaraya, Baxışın xidmət etdiyi, komendant olduğu zastavaya aparırdı. Axı, sərhədçilər üçün gecə, gündüz söhbəti olmur. Havanın dəyişməsi isə işlərini daha da çətinləşdirir. Belə günlərdə valideynləri ona zəng vurmurdular. “Sərhəddədir, diqqətli, məsuliyyətli olmalıdır”, – düşünüb, telefonu yerə qoyurdular.
Yağış getdikcə güclənir, ildırım göyün üzünü işıqlandırırdı…
…Həmin gecənin səhəri Elşən ata arzularının zirvəsi – oğlu Baxışı gətirmək üçün Astaraya gedirdi. Deyilən xəbər rəsmi olsa da, o, buna inanmırdı. Baxış heç vaxt belə edə bilməzdi. O, söz vermişdi. Özü gəlməliydi. Böyüyüb orta məktəbi bitirəndən oğlu heç vaxt valideynlərinə əziyyət verməmişdi. Bütün problemlərini özü həll edir, hər cür çətinliyin öhdəsindən gəlirdi. Göyün gurultusu, şimşək çaxması deyilənlərin həqiqət olduğunu xatırladır, atanı keçmişdən ayırıb gerçəkliyə qaytarırdı. Elşən müəllimə elə gəlirdi ki, bu yol heç zaman bitməyəcək…
Lakin yol bitdi. Bura həmin zastavaydı. Mayor Baxış Baxışlının fəxr etdiyi, qürur duyduğu, gənclik, cavanlıq illərini həsr etdiyi bir məkan. Bu sərhəddən quş da uça bilməzdi. Tabeliyində olan heyət o qədər intizamlı, məsuliyyətliydi ki! Komandirin hər tapşırığı dəqiq yerinə yetirilirdi. Onlar öz komandirlərini yalnız vəzifə xatirinə sevmirdilər, ondan ata, qardaş qayğısı gördükləri üçün doğmalaşmışdılar. Komandirlərini qoruya bilmədilər, təbiət hər kəsdən güclü çıxdı. İlahi bir qüvvə Baxış kimi bir insanı ailəsinə, vətəninə verdi və hər şeyin ən yüksək zirvəyə çatdığı məqamda geri aldı…
Elşən müəllimin söhbətindən:
– Baxış qeyri-adı övlad idi. Uşaqlığından məqsədyönlüydü. Vaxt itirməyi qətiyyən sevmirdi. Bütün diqqətini dərslərinə, hazırlığına yönəldirdi. Çalışqanlığı ilə yanaşı həm də istedadlıydı.Xüsusilə xarici dili gözəl bilirdi. Onun həyatı elə axarınca gedirdi ki, biz bunun həmişə belə olacağına inanırdıq.
Çətinlikləri Baxış özü axtarırdı. Heç vaxt asan yolla getmək istəmirdi. 2011-ci ildə İsmayılbəyli kənd tam orta məktəbini əla qiymətlərlə bitirib qəbul zamanı 617 bal toplamışdı. Ürəyi istədiyi ixtisası seçib rahat yaşaya bilərdi. O isə Dövlət Sərhəd Xidməti Akademiyasını seçdi. 4 il ərzində valideynləri onun daim gülümsər üzündə narazılıq ifadəsi görmədilər, çətinlikləri barədə bir kəlmə söz eşitmədilər. Halbuki Akademiyada birincilər sırasında olmaq, həm tədris proqramının, həm fiziki hazırlığın öhdəsindən layiqincə gəlmək hər kəsə nəsib olmurdu. Baxış isə bacardı və 2015-ci il-də Akademiyanı fərqlənmə diplomu ilə bitirdi. Fərqlənmə diplomu ilə məzun olduğuna görə, baş leytenant rütbəsini vaxtından əvvəl aldı və ona azad təyinat verildi. Qarşısında çoxlu seçim vardı. O isə yenə də ən çətin və təhlükəli olanını seçdi. 25 avqust 2015-ci ildən etibarən seçdiyi sərhəd zasta-vası rəisinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsinə təyinat aldı. Tutduğu vəzifələr sürətlə dəyişirdi. Cəmi bir ildən sonra sərhəd zastavası rəisinin müavini, daha bir ildən sonra digər böyük zastavanın mənəvi-psixoloji hazırlıq üzrə müavini, 13 avqust 2018-ci ildə isə zastava rəisi təyin edilmişdir. 44 günlük Vətən müharibəsi başlayanda Baxış Baxışlı artıq DSX SQ 2-ci SD-nin 4-cü sərhəd komendantlığı komendantının birinci müavini – qərargah rəisi təyin edilmişdir. Gənc zabit üçün bu, çox böyük etimad, eyni zamanda məsuliyyət idi. Elşən müəllim bu barədə deyir:
– O, bir uğurdan başqasına doğru irəliləyir, vəzifələri, rütbələri artırdı. Bunların hamısı gərgin zəhmətin, yuxusuz gecələrin, şəxsi istəklərini, arzularını qurban verməyin nəticəsiydi. Vətənini, torpağımızı çox sevirdi və bu məhəbbəti əsgərlərinə də aşılayırdı. Deyirdi ki, xidmətimdə məni ruhlandıran, stimul verən bu hsslərdir.
Mayor Baxış Baxışlının adı 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad olunmuş ilk zastavanın döyüş bayrağının qaldırılması və burada xidmətin təşkili ilə bağlı döyüş əmrini vermiş komandir kimi tariximizə düşüb.
16 fevral 2024-cü ildə o, DSX SQ 4-cü SD-nin 2-ci sərhəd komendanlığının komendantı vəzifəsinə təyin olunmuşdur. Əlbəttə, Baxış Baxışlı üçün bu, növbəti bir addım idi. Lakin çox təəssüf ki, taleyin qisməti nəticəsində sonuncu oldu.
Atasının dedikərindən:
– Baxışın saysız-hesabsız dostları vardı. Həm mülki həyatında, həm də sərhəd qoşunlarında. Onlar indi də ailəmizlə əlaqə saxlayır, onun haqqında bilmədiklərimizi danışırlar. Sərhəd qoşunlarında xidmət etdiyi illər onu əsl sərhədçi, mükəmməl komandir, peşəsinin vurğunu, eyni zamanda humanist insan kimi yetişdirmişdir.
O faciəli gecənin yağışı, ildırımı olmasaydı, Baxış Baxışlı Vətənimiz üçün hələ nələr edəcəkdi! Elədi də! Son məqamadək vəzifə borcuna sadiq qaldı. Vətənimizə layiqincə, şərəflə, namusla xidmət etdi, valideynlərini hər gün qazandığı saysız-hesabsız uğurları ilə sevindirdi. Yalnız özü ilə bağlı arzularına çatmağa vaxt tapa bilmədi.
Məmməd Abbaszadə onun yaxın dostlarından olub. O deyir:
– Baxışla məktəb illərindən dostluq edirdik. Uşaqlar arasında həmişə birinci olardı. Həm dərslərində, həm də davranışında. Çox sadə idi, həm də utancaq. Gözlərindən belə utancaqlığı hiss olunurdu. Akademiyanı bitirib yüksək vəzifələrdə xidmət edəndə belə dəyişmədi. Vaxt tapan kimi görüşürdük. Çox gözəl günlərimiz keçib bir yerdə. Onunla birlikdə özümüzü çox rahat hiss edirdik. Saatlarla söhbətləşərdik. Həmişə mənə uğurlarından danşardı. Fəxr edirdim ki, onun kimi bir dosta sahibəm. Hər ikimiz evin tək oğlu olmağımıza baxmayaraq, çətin və şərəfli hərbi sahəni seçmişik və birbirimizə həmişə qardaş olmuşuq. Ancaq hər birimiz bilirdik ki, bu sadəliyin arxasında hər an Vətən uğrunda canını qurban verməyə hazır olan bir ürək döyünür. Baxışı ildırım vurması xəbərini səhərə yaxın xidmət yoldaşı zəng vurub mənə dedi amma inana bilmirdim. Valideyinləri kimi hələ də bu xəbəri qəbul edə bilmirəm. Çox ağır bir itki oldu mənim üçün. Bir ömür qəlbimizdə yaşayacaq. İndi də onunla fəxr edirəm ki, şəhadətin ən uca zirvəsinə qalxdı, şəhid oldu və mənim yaddaşında gözəl xatirələrlə qaldı. Mən tez-tez onun qəbir- üstü abidəsini ziyarət etsəm də, həmişə düşünürəm ki, o yenə də sevdiyi zastavadadır, şərəfli komandir kimi öz sevimli əsgərləri ilə birlikdə sərhədlərimizi yenə də qoruyur…
Mayor Baxış Baxışlı xidmət etdiyi dövrdə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medallar, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı, “Sərhəddə fərqlənməyə görə medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunub.
Şəhidliyə ucaldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb.
Baxış Baxışlı Tərtərin İsmayılbəyli kəndində ziyalı ailəsində doğulmuşdu. İki bacının bir qardaşı idi. Ən yaxın sirdaşı anası və bacıları idi. Onlar Baxışın ailə qurmaq istədiyi haqqında fikirlərini eşitmək arzusu ilə yaşayırdılar. Lakin həmişə hər işdə tələsən Baxış bu işdə tələsmədi, o, sevdiyi qızı seçib ailə qurmağa macal tapmadı…
Cəmi 30 illik həyatında Baxış Baxışlı arzularına doğru pillə-pillə ildırım sürətilə qalxdı. Elə həyatdan ayrılması da belə oldu. Atası deyir ki, Astaradan onun doğma kəndinə çatanadək dayanmadan ildırım çaxırdı. Sanki təbiət elədiyinin peşimançılığını çəkir, əbədiyyətə qovuşan bu gəncdən ötrü ağlayırdı. Göz yaşları yağışa qarışıb, torpağa tökülürdü…
Bəli, mayor Baxış Baxışlı bir möcüzəydi, bu dünyaya gəldi, getdi… Getdi ki, 30 illik əfsanəyə dönən ömrü əbədi yaşasın. Yaddaşlarda, xatirələrdə.
Svetlana BAĞIROVA