Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Elşən Əlizadənin ailəsində olub, anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.