Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? —
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax — salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən —
Çoban, salamat qal, sağ-salamat qal!